Şirvanlı deputatdan faciəyə laqeydlik - Peyman Sadıqovdan ÇAĞIRIŞ
27-07-2016, 13:50
Şirvanın deputatı "Araz” zavodunda partlayışla əlaqədar biganəlik nümayiş etdirir
Şirvanlı millət vəkili Rəfael Cəbrayılov seçicilərinə nə başsağlığı verir, nə də hadisə ilə bağlı münasibət bildirir
Bu barədə Şirvandan olan jurnalist, Xalqxeber.az-ın baş redaktoru Peyman Sadıqov "Facebook" səhifəsində yazıb. Baş redaktorun sözlərinə görə, deputat el gözünə bir-iki nəfərlə görüşüb, şəkillərini Facebookda yayıb:
"İnsanların ağır günlərində yanlarında olmaq və dərdlərinə şərik olmaq lazımdır. Millət vəkili olaraq parlamentdə məsələ qaldırmaq lazımdır ki, partlayış baş verən zaman şəhər sakinlərə dəymiş ziyanın məbləği təyin edilsin, zərərçəkmişlərə verilsin.
Görəsən Rəfael Cəbrayılov hələ nə gözləyir? Olmaya, bunları da deputatlığa namizəd kimi mən deməliyəm? Burdan millət vəkilinə səslənirəm - seçicilərinə sahib çıx və dərdlərinə şərik ol”.
Şirvanlı deputatdan faciəyə laqeydlik - Peyman Sadıqovdan ÇAĞIRIŞ
Peyman Sadiqov
P.Sadıqov deputatı qınayaraq insanların yanında olmağa çağırıb. Maraqlıdır ki, R.Cəbrayılov öz doğma bölgəsində baş verən faciə ilə bağlı laqeydlik, ögeylik nümayiş etdirir.
Bu hadisə Türkiyədə bsş vermiş olsaydı, dərhal millət vəkili hadisə yerinə yollanar, zərər çəkmişlərin yaxınları ilə görüşər, fəlakətin səbəblərini öyrənər və parlamentdə qaldırardı.
Əhalinin acı günündə R.Cəbrayılov iş-gücünü, istirahətini, bütün planlarını atmalı və seçicilərin yanında olmalıdır, hər an onların problemləri ilə maraqlanmalıdır. Əfsus ki, şirvanlı deputatın nümunəsində bu reallığın şahidi olmadıq.
Məsələn, Qənirə Paşayeva, Zahid Oruc, Fazil Mustafa, Vahid Əhmədov kimi millət vəkillərini örnək göstərmək olar ki, hər hansı incident, xoşagəlməz olay baş verəndə yaxud ən vacib anda xalqın çağırışlarına reaksiya veriblər, ehtiyacı olan insanların, seçicilərinin yanına qaçıblar. Seçici seçkidə məhz bu səbəbdən səs verir ki, onun dərdinə şərik olasan. Amma R.Cəbrayılov fərqli mövqe ilə diqqət çəkdi.
Son xəbər olaraq bildirək ki, Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan "Araz” zavodunda yaralanan şəxslərdən biri Bakıya gətirilib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.
Onun sözlərinə görə, yaralı Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. Hazırda Şirvan Mərkəzi Şəhər Xəstəxanasında 7 nəfər yaralı var. Onlardan 3-ü yaxın saatlarda evə buraxılacaq. İki nəfərin isə bu axşam evə buraxılması gözlənilir.
Xatırladaq ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən "Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində 24 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Şirvan Mərkəzi Şəhər Xəstəxanasına və Şirvan Şəhər Diaqnostika Mərkəzinə yerləşdirilib. Tibb müəssisələrinə yerləşdirilən şəxslərdən 14-nə ambulator yardım göstərilərək evə buraxılıb, digər 7 nəfərin vəziyyəti yüngül, 3 nəfərin isə orta ağır qiymətləndirilməklə müalicələri davam etdirilir. Zavodun iki əməkdaşı - Məmmədov Ağamir Allahyar oğlu, Nuriyeva İlhamə Əsgər qızı və Gülüşova Samirə Mirzağa qızı dünyasını dəyişib.
Politika.Az