“PUTİN QALSA, RUSLARIN MƏHVİ DAVAM EDƏCƏK” – QRU polkovnikindən sərt ittihamlar + VİDEO

11-01-2024, 00:14           
“PUTİN QALSA, RUSLARIN MƏHVİ DAVAM EDƏCƏK” –
Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) istefada olan polkovniki, hazırda həbsdə olan məhşur İqor Strelkovun silahdaşı Vladimir Kvaçkov Rusiya Prezidenti Vladimir Putini rus xalqının soyqırımında ittiham edib.

Rusiyada yaxşı tanınan Kvaçkov öz xüsusi videomüraciətində Putinin siyasətini kəskin tənqid edərək, xüsusilə də rusların müharibədə qırğına verilməsindən gileylənib: “Biz bir subyektin hakimiyyətini nəzərə almalıyıq, təbii ki, vətəndaş Putini nəzərdə tuturam. Putinə rusların olmadığı Rusiya lazımdır. Çünki dövlət quran xalq - ruslar aşağılanır, alçaldılır, plintusdan da aşağı salınır, dövləti idarə etməkdən uzaqlaşdırılır. Orada (Rusiya Federasiyasının başında) onun Vekselberqləri, Avenləri, Abramoviçləri və digər məlum millətdən (Yəhudilər nəzərdə tutulur-red.) olan şəxslər var. Bu, Putinin Rusiyasıdır. Putinin Rusiyasında biz ruslara yer yoxdur...”

Kvaçkov deyib ki, Putin növbəti dəfə Prezident seçilsə, Rusiyanı daha ağır və faciəli günlər gözləyir: “Əminəm ki, Putin seçilərsə, hansı ki, bu, sırf bürokratik prosedurdur, rus xalqının məqsədli şəkildə məhvi davam edəcək. Bizi açıq şəkildə cəbhədə öldürürlər, əvəzində ölkəyə miqrantları gətirirlər. Ona görə də Putinə səs verənlər rus xalqının məhvinə səs verəcəklər”.

Kvaçkov rusiyalıları Putinə səs verməməyə və ölkəyə sahib çıxmağa çağırıb.

Xatırladaq ki, mart ayında Rusiyada prezident seçkiləri keçiriləcək. Putin artıq demək olar ki, bütün real müxalifəti zərərsizləşdirib. Bu sıraya radikal millətçi, şovinist qüvvələr də daxildir. Onların sırasında ən çox tanınanlardan biri isə İqor Strelkov olub ki, o da hazırda həbsdədir. Görünür, bu gedişlə, polkovnik Kvaçkov da onun yanına göndəriləcək.

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.