Müsavatdan daha bir istefa

2-08-2016, 16:02           
Müsavatdan daha bir istefa
"Yeni Müsavat" qəzetinin daha bir əməkdaşı Etibar Seyidağa da Müsavat partiyasından istefa verdiyi bəyan edib.

"1995-ci il fevralın 27-dən Müsavat Partiyasının üzvü olmuşam və bununla həmişə qürur duymuşam. Yüzlərlə əqidəli müsavatçı dostları bu müddətdə qazanmışam. Müsavat Partiyasında son başqan seçkilərində bir müsavatçı və jurnalist kimi Arif Hacılının başqanlığını müdafiə etdiyimi hər kəs bilir".

E. Seyidağa Müsavat Partiyasından istefa verdiyini açıqlayıb: "Bu gündən bütün müsavatçı dostlarıma bəyan edirəm ki, İsa Qəmbər Müsavat Partiyasının başqanı postuna qayıdan günədək özümü Müsavat Partiyasının üzvü hesab etmirəm. Bəri başdan bildirirəm ki, kimlərsə düşünməsin ki, bu addımımda işlədiyim "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun təkidi, təklifi rol oynayıb. Hər kəsi əmin edirəm ki, Rauf bəy partiya üzvlüyü məsələsində heç kimə təsir və ya təzyiq göstərmir".

Qeyd edək ki, Müsavat başqanı Arif Hacılı ötən gün "strateq.az" və "xural.com"saytlarına müsahibəsində “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu hakimiyyətə təslim olmaqda ittiham edib, "Yeni Müsavat" qəzetini hakimiyyətin kursunu dəstəkləməkdə ittiham edib, 2008-ci ildən etibarən bu qəzetlə münasibətlərini kəsdiyini bildirib. Rauf Arifoğlu isə A. Hacılının ittihamlarına sərt yazı ilə cavab verib, onun yalan danışdığını qeyd edib, bir neçə fakt göstərib. R. Arifoğlu yazısında Arif Hacılının ondan məhbus həyatı yaşayan Tofiq Yaqubluya maliyyə yardımını dayandırmağı tələb etdiyini də vurğulayıb.

"Arif, mən sizə daim yaxşılıq, İlham Əliyevə daim pislik etmişəm. Sizdən ancaq pozitiv şeylər yazmış, tribuna, maddi dəstək vermiş, İlham Əliyev və iqtidarına isə daim tənqid, olar-olmaz şeylər yazmışam. Onun hakimiyyətdən getməsi üçün ciddi fəaliyyətlər göstərmişəm. Lakin bunca xidmətlərin müqabilində xoşunuza gəlməyən bir yazı, qardaşımın, yaxud da qəzet əməkdaşlarının bir statusu, laykı ilə mənə düşmən kəsilmisiniz. İlham Əliyevsə mənimlə işləməyi, ona etdiklərimi unutmağı seçdi. İsa Qəmbər demişkən, barışdı mənimlə. İndi ağıllı müşahidəçilər yaxşı görür, kimin böyük olduğunu, kimin əsil dövlət adamı olduğunu, kimin böyük siyasətçi olduğunu" deyə qeyd edən Arifoğlu daha sonra yazıb: "Mən əslində sizlərlə bağlı bütün gözləntilərimə təslim olmuşam".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.