"Böyük Britaniya Avropa İttifaqına qayıdarsa, problemlər “yorğan”ını öz üzərinə çəkməyə məcbur olacaq”

1-02-2024, 18:54           
"Böyük Britaniya Avropa İttifaqına qayıdarsa, problemlər “yorğan”ını öz üzərinə çəkməyə məcbur olacaq”
Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından düz dörd il keçir. Bununla belə, Brexit-in gətirdiyi dəyişikliklər və qeyri-müəyyənlik hələ də gündəmdədir. Avropa İttifaqından böyük ümidlərlə ayrılan İngiltərədə birliyə qayıtmaq istəyi son vaxtlar gündəmə gəlib. Brexitdən sonra ticarətdə çətinliklər ön plana çıxır. Sərhəd nəzarəti və təchizat zənciri məsələləri iş dünyasına təsir etməkdə davam edir. London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin araşdırmasına görə, Brexitdən sonra Maliyyə sektorunda 7 min iş yeri itirilib. Eyni araşdırmaya görə, Brexit-in ərzaq alış-verişinə təsiri təxminən 7 milyard funt sterlinq olaraq hesablanıb.
Brexit-in təsirləri siyasətdə də müşahidə olunur. Şotlandiya Brexit-in onlara 3 milyard funt-sterlinqə başa gəldiyini iddia edir. Avropa Birliyinə daxil olmaq tələbini davam etdirir. Sorğulara görə, Şotlandiya gənclərinin 62 faizi Avropa Birliyinə üzvlüyün tərəfdarıdır.

YouGov araşdırma şirkətinin 2023-cü ilin yanvarında keçirdiyi sorğuya əsasən, iştirakçıların 54 faizi Brexit-in yanlış qərar olduğunu bildirib. Qərarın doğru olduğunu düşünənlər 35 faizdə qalıb. Respondentlərin 58 faizi yenidən Avropa İttifaqına qoşulmağın tərəfdarıdır.

Politoloq İlyas Hüseynzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı proses çox uzun çəkdi və ölkə daxilində də beynəlxalq aləmdə də bu məsələ ilə bağlı həm müsbət, həm də mənfi reaksiyalar formalaşdı. Lakin reallıq bundan ibarətdir ki, Böyük Britaniya Avropa İttifaqında özünü görmək istəmir. Bunun bir sıra geosiyasi səbəbləri vardır.

“İlk öncə onu qeyd etməliyik ki, tarixən formalaşan anqlosakson siyasəti öz vahid mövqeyi ilə seçilir və Böyük Britaniyanın Amerika Birləşmiş Ştatları ilə imperialist geosiyasi normativləri üst-üstə düşür”-deyən politoloqun fikrincə, çox geniş yayılmış fikir bundan ibarətdir ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının əsas təhrikedici qüvvəsi Amerika Birləşmiş Ştatlarıdır.

“Bu, elə bir dövrdə cərəyan edirdi ki, həmin dövrdə Almaniya ilə Fransa Avropa İttifaqının aparıcı lokomotiv dövlətləri idi və siyasi iqtisadi nöqteyi-nəzərdən bu gün də geniş anlamda heçnə dəyişməyib. Əsas bank, maliyyə, sənaye, texnologiya gücünün elə Fransa və Almaniyada olduğunu deyə bilərik. Lakin önəmli məsələ bundan ibarətdir ki, son illər ərzində Fransa və Almaniyanın daxilində cərəyan edən hadisələr heç də onların Avropa İttifaqında liderlik mövqeyindən xəbər vermir. Həmkarlar ittifaqının nümayişləri, yürüşləri və kənd təsərrüfat sahəsində çalışan şəxslərin hakimiyyət əleyhinə etirazları geniş vüsət almaqla ölkənin də beynəlxalq imicini və nüfuzunu zəiflədir. Emmanuel Makron Fransa tarixində heç şübhəsis ki, ən uğursuz liderdir və ölkənin daxilində, xaricində çoxsaylı nöqsanlar və səhvlər özünü göstərməkdədir. Belə olan halda, Böyük Britaniya bu gün əgər Avropa İttifaqına qayıdarsa, bu problemlər “yorğan”ını da öz üzərinə çəkmək məcburiyyətində qalacaq”-deyə politoloq bildirib.

İlyas Hüseynzadə qeyd edib ki, Böyük Britaniyanında siyasi düşüncə sahibləri, siyasi strateqlər bu problemlər içində olan Avropa İttifaqındakı dövlətlərlə yanaşı durmaq istəməsi rəsmi Londonda əsas söz sahibləri üçün əsas dilemmadır. Belə bir halda, bu gün əgər Böyük Britaniya Avropa İttifaqına daxil olarsa qayıdarsa və Brexit əhvalatının üzərindən bir xətt çəkilərsə, yenə də böyük Britaniya öz hegemon mövqeyini Avropa İttifaqında da qaytara bilər. Lakin buradan ABŞ-ın yanaşması və mövqeyinin öyrənilməsi də mühüm əhəmiyyət kəsb edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.