YAP rəsmisinin “növbədənkənar seçki olmayacaq” açıqlamasına müxalifətdən reaksiya gəldi
5-08-2016, 11:07
“Erkən seçkilərin olub-olmayacağı referendumdan az sonra dəqiq bilinəcək...”
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a müsahibəsində referendumdan sonra növbədənkənar parlament və prezident seçkilərinin keçirilə biləcəyi barədə iddiaların xülya olduğunu bildirib.
YAP rəsmisi qeyd edib ki, növbədənkənar seçkilərin keçirilməsi konstitusiyada əvvəl də var idi, indi də var. Seçkilər isə azad və demokratik şəkildə keçirilib. Növbədənkənar seçkilərlə bağlı deyilənlərsə kimlərisə şirnikləndirmək üçün ortaya atılan xülyadır: “Prezident də seçilib, parlament də və onların öz müddəti var, bu müddət də başa çatmalıdır”.
Qeyd edək ki, buna kimi həm müxalif düşərgədən, həm də iqtidara yaxın düşərgədən referendumdan sonra erkən seçkilərin keçirilə biləcəyi barədə açıqlamalar səslənmişdi. Hakim partiyanın əsas fiqurlarından sayılan Siyavuş Novruzovun növbədənkənar seçkilər keçirilməyəcəyini qəti şəkildə bildirməsinə müxalifət düşərgəsinin necə yanaşdığına gəlincə, AXP sədri Pənah Hüseyn bildirdi ki, növbədənkənar seçkilərin keçirilməyəcəyi və ya keçiriləcəyi barədə deyilənlər ehtimallardır: “Növbədənkənar parlament və ya prezident seçkilərinin olacağı barədə heç kim indiyə qədər konkret birmənalı fikir söyləməyib. Ehtimal olaraq fikirlər ifadə olunub. Belə ehtimallar kimin nə deməsindən asılı olmayaraq yenə də qalır. Növbədənkənar seçkilərin olub-olmayacağını isə referendumdan bir az sonra dəqiq biləcəyik. İndidən kimsə deyirsə ki, olacaq, kimsə deyirsə ki, olmayacaq, bu fikirlərin özü də fərziyyədir”.
VİP sədri Əli Əliyev isə növbədənkənar seçkilərin keçirilməsinə inamının olmadığını bundan əvvəl də “Yeni Müsavat”a açıqlamasında dediyini xatırlatdı: “Konstitusiyaya edilən dəyişikliklər hakimiyyətin idarəçiliyə münasibətini ortaya qoyur. Referendum müddəalarının hər biri iqtidarı qoruyub saxlamağa, onu sürəkli etməyə yönəlib. Elə isə yeni seçkilərin nə aktuallığı qalır? Dövriyyəyə buraxılan yeni seçkilər barədə ehtimal müxalifətin ”intizama" dəvətidir. Guya keçiriləcək növbədənkənar parlament seçkilərində yer verməyə bilərlər. Bu antireferendum kampaniyasına qoşulmamaq üçün polittexnoloqların düşünüb tapdığı tezis, müxalifətə “ağıllı” olmaq təklifi idi. Təşəbbüs qruplarının yaradılması üçün son müddət başa çatdıqdan sonra bəlli olanda ki, cəmi bir müxalif partiya təşəbbüs qrupu yaratdı, görünür, bu tezisə ehtiyac qalmayıb. Ona görə də YAP yetkilisi məlum açıqlamanı verib. Hər bir halda biz pespublikaçılıq prinsiplərini aradan qaldırmağa yönəlmiş referendum kampaniyasına qarşı fəal təbliğat aparmalıyıq. Əgər növbədənkənar seçkilər keçirilərsə, təbii ki, oraya da qatılmaq vəzifələrimizdəndir".
Ümid Partiyasının sədri İqbal Ağazadə isə dedi ki, məntiq və ehtimalla bu tipli dəyişikliklərdən sonra müxtəlif ölkələrdə baş verən hadisələr və təcrübə də göstərir ki, referendumdan sonra ən azı növbədənkənar prezident seçkilərinin keçirilməsi aktual olur: “Bu tipli təcrübələrdə adətən belə olub, hakimiyyət yeni şanslar tanıyıb özünə və referendumun nəticələrindən maksimum bəhrə götürməyə çalışıb. Yəni dünyanın hər yerində belə olub. Parlamentin yenidən seçilmə ehtimalına gəlincə, bu ehtimal nəzəri baxımdan mümkündür. Amma bu, təbii ki, referendumdan sonra və prezident seçkiləri keçirilərsə, ondan sonra dünyada baş verən hadisələr və onun Azərbaycana təsirinin necə olacağından qaynaqlana bilər. Birmənalı surətdə ”keçirilməyəcək" demək bu gün yanlışdır. Təcrübə göstərir ki, keçirilə bilər. Amma birmənalı surətdə “keçiriləcək” demək də yanlış olardı".