“Əlcəzair sammiti” ilə neft hasilatında “buzlaşma dövrü”nəqədəm qoyulacaqmı?

8-08-2016, 23:12           

OPEC-in bu yaxınlarda vəzifəsinin icrasına başlayan yeni prezidenti, Qətərin sabiq energetika naziri Məhəmməd Bin Saleh əl-Sada kartelin adını yenidən manşetlərə çıxarıb.

Qurumun Vyanadakı qərargahında neft hasilatının dondurulması ilə neft bazarının sabitləşdirilməsi yönündə fəal müzakirələr gedir. Sentyabrda OPEC və yeri OPEC ölkələrinin iştirakı ilə keçiriləcək danışıqlarda sözügedən məsələ yenidən gündəmin ana mövzusu olacaq. Kartelin planındakı bu danışıqlar qeyri-rəsmi səciyyə daşıyacaq. Belə ki, OPEC zirvələri ildə iki dəfə, iyun və dekabr aylarında keçirilir.

Energetika və neft sənayesi nazirlərinin qeyri-rəsmi görüşü sentyabrın 26-28-də Əlcəzairdəki Beynəlxalq Enerji Forumu çərçivəsində baş tutmalıdır.

Xatırladaq ki, bu ilin aprelində OPEC-in üzvü olmayan ölkələrlə neft hasilatının dondurulması barədə Dohada razılıq əldə etmək cəhdi uğursuz olub. İyun sammitində də kompromis tapılmayıb.

Neftin qiymətinin perspektivləri gəlincə, Məhəmməd əl-Sada optimist düşüncədədir. Onun fikrincə, bu ilin ikinci yarısında “qara qızıl”a tələbat sabit olacaq və təklif isə azalacaq.

Bu proqnoza analitiklərin verdiyi cavab “ilin sonunda neftin qiyməti artacaq”dır. Aprel ayında neft hasilatının dondurulması haqqında müqavilənin imzalanmasına əsas maneə İran idi. İranın bu ilin payızında beynəlxalq sanksiyaların tətbiqinə qədərki neft hasilatı səviyyəsinə çata bilməsi OPEK üzvlərini qoxutmuşdu. Onlar dondurulma təklifindən ikiəlli yapışmışdı. Hazırda İran gündəlik olaraq təqribən 3,8 milyon barel neft hasil edir ki, onun da 2 milyon bareli xaricə satılır. Yəni İran sanksiyaya qədərki səviyyənin 80% -inə artıq çatıb.

Maraqlı olan budur ki, hasilatın azaldılması tərəfdarı olan Venesuela və Ekvadora indi Küveyt də qoşulub. OPEC üzvü olmayan Rusiya, Azərbaycan və Qazaxıstan da hasilatın dondurulması məsələsində aydın mövqeyə malikdir. Hazırda "qara qızıl"ın qiyməti neft istehsalçılarının güman etdiyindən də aşağıdır. Bu büdcələrin sabitləşdirilməsinə böyük maneə törədir.

Yeri gəlmişkən, OPEC prezident əl-Sadanın nikbinliyini heç də hamı bölüşmür. Əksər OPEK üzvlərinin nümayəndələri Əlcəzairdəki görüşdən nəticə gözləmir.

M.Rzasoy












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.