Deputat dövlət departamentini qərəzçilikdə ittiham etdi

13-08-2016, 09:35           
Deputat dövlət departamentini qərəzçilikdə ittiham etdi
YAP-çı deputat Bəxtiyar Sadıqov Departamenti reallığı təhrif etməkdə suçladı
ABŞ Dövlət Departamentinin dünya ölkələrində din azadlığına dair illik hesabatının Azərbaycanla bağlı hissəsində konstitusiya ilə vətəndaşlara dini inanclarını ifadə etmək hüququ verildiyi, lakin hökumətin xüsusilə də qeyri-ənənəvi hesab etdiyi dini qrupların üzvlərinin din azadlığını məhdudlaşdırdığı deyilir. Sənəddə bildirilir ki, rəsmilər toplaşma və ifadə azadlığı kimi fundamental azadlıqları məhdudlaşdırıb və dini qruplar da daxil olmaqla, vətəndaş cəmiyyəti üçün fəaliyyət məkanını daraldıb.

Hesabatda deyilir ki, etibarlı rəqəmlər olmasa da, bəzi yerli müşahidəçilərin siyasi məhbus hesab etdiyi dini fəalların sayı 2014-cü ildə ilə 52 müqayisədə hazırda 46 kimi qeyd edilir. Bu rəqəmlərin təxmini olduğu və il ərzində saxlanılan və ya azad edilən dini fəalların sayı ilə bağlı etibarlı rəqəmlərin olmadığı bildirilir. Rəsmilərin azlıqda olan Yehovanın Şahidləri və sələfilər dini qruplarının üzvləri və din xadimi Fətullah Gülənin davamçıları olduğundan şübhələnilən şəxslərin toplaşdığı yerlərdə reydlər keçirdiyi deyilir. Sənəddə Nardaran hadisələrində həbs edilənlər barədə də söz açılır.

Azərbaycan iqtidarı Dövlət Departamentinin Azərbaycanı tənqid etməsindən narazı qalıb.

Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Bəxtiyar Sadıqov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Dövlət Departamenti Azərbaycanla bağlı yenə də reallıqdan uzaq, qeyri-obyektiv yanaşma ortaya qoyub: “Çox təəssüf ki, qeyri-obyektiv yanaşma yenə də özünü göstərir. Azərbaycan din azadlığı, multikulturalizm sahəsində dünyada tolerantlıq nümunəsi kimi göstərildiyi bir vaxtda ABŞ Dövlət Departamentinin belə bir qiymətləndirməyə yol verməsində qərəz açıq görünür. Azərbaycan prezidenti 2016-cı ili Azərbaycanda multikulturalizm ili elan edib. Azərbaycanda bütün dinlərə hörmətlə yanaşıldığını Azərbaycanda tolerantlıq mövzusunda keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə iştirak eləyən tanınmış ictimai-siyasi xadimlər, din xadimləri dəfələrlə bəyan ediblər. Onlar Azərbaycanı öz ölkələri və dünya üçün nümunə göstərirlər. Bu nəticəyə həmin insanlar Azərbaycandakı vəziyyəti dəqiq müşahidə etdikdən, Azərbaycandakı müxtəlif dinlərin təmsilçiləri ilə, din xadimləri ilə görüşüb onların fikrini dinlədikdən sonra gəlirlər. Onlar əmin olurlar ki, doğrudan müxtəlif konfessiyalara məxsus olan din nümayəndələri Azərbaycanda bir-biri ilə dostluq, əməkdaşlıq şəraitində yaşayırlar. Azərbaycanda heç kimə dininə, milliyyətinə görə ayrı-seçkilik edilmədiyi hər kəsə aydındır. Bunun sübuta belə ehtiyacı yoxdur. ABŞ Dövlət Departamentinin bunu etiraf etməməsini, tərsini görməsini reallığı görməməzlikdən gəlmək kimi qiymətləndirirəm. Sənəddə ad çəkmədən qeyd edilir ki, bəzi dini qruplara qarşı hökumət addımlar atır və sair. Halbuki Azərbaycanda qanunla fəaliyyət göstərən heç bir dini qrupa qarşı heç bir addım atılmır. Bəlkə o sənədi hazırlayanlar istəyirlər ki, İŞİD sıralarına qoşulub gedib hansısa ölkələrdə döyüşən adamlara, hansısa radikal dini cərəyanlara Azərbaycan qanunları göz yummalıdır? Biz Azərbaycanda din pərdəsi altında zorakılığa çağıran, silahlanan, terroru təbliğ eləyən qrupların və şəxslərin fəaliyyətinə qarşı həmişə olmuşuq, bundan sonra da onların qanunsuz əməllərinin qarşısını alacağıq. Biz nəyin necə olduğunu bilirik. Bizim üçün ölkədə sabitliyi saxlamaq çox vacibdir. Bütün dünya bilir ki, İŞİD-in İslam dininə əslində heç bir aidiyyəti yoxdur. İslam sülh dinidir, rəhmli olmağı təbliğ edən dindir”.

B.Sadıqov qeyd etdi ki, Azərbaycan dövləti öz ərazisində qanuni fəaliyyət göstərən, qanunlara əməl edən bütün dini qrupların fəaliyyətinə şərait yaradır, heç kimi dini baxışlarına görə sıxışdırmır. Azərbaycanda bu gün katoliklər, pravoslavlar, yəhudi dininə sitayiş eləyənlər, alban kilsəsinin nümayəndələri və digərləri üçün dini sitayiş yerləri təmin olunub: “Belə olduğu halda Azərbaycanda dini qrupların sıxışdırılmasından danışmaq ədalətli görünmür. Həqiqətə uyğun olmayan hesabatlar həmin hesabatların özünü hörmətdən salır. Yaxşı olar ki, ABŞ Dövlət Departamenti işğalçı Ermənistanın bir milyon müsəlmanı öz yurdundan didərgin salmasını və işğal etdiyi Azərbaycan torpaqlarındakı dini abidələri, məscidləri dağıtmasını öz hesabatında yazaydı”.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına əsasən, Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar təşkil edir. Bunların 65 faizi şiə, 35 faizi isə sünni müsəlmanlardır. Ölkə əhalisinin dörd fazini rus və gürcü pravoslav kilsəsi və erməni apostol kilsəsinin üzvləri, molokanlar, xristianlar, yəhudilər və bəhailər təşkil edir. (amerikaninsesi.org)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.