Üzeyir Cəfərov: «Azərbaycana qarşı Rusiyanın növbəti qeyri-səmimi və amansız oyununun şahidi ola bilərik»
13-08-2016, 09:56
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Moskvaya işgüzar səfərə gedib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Zakir Həsənovun bu səfəri onun rusiyalı həmkarı Sergey Şoyqunun dəvətilə baş tutub.
Yada salaq ki, bu səfər Rusiya prezidenti Vladimir Putinin Bakı səfərindən az sonra baş verib. Putinin səfəri zamanı iki ölkə arasında silah və yeni, müasir növ qırıcı təyyarələrin alqı-satqısı ilə bağlı danışıqlar da olub. Bu baxımdan, maraqlıdır, Zakir Həsənovun Rusiyaya səfəri Qarabağ məsələsilə, yoxsa, silah alqı-satqısı ilə bağlıdır?
Hərbi sahə üzrə ekspert Üzeyir Cəfərov deyir ki, Rusiya Azərbaycanı hazırda çıxılmaz məngənəyə salıb. Ölkələr arasında prezidentlərin, xarici işlər nazirlərinin müxtəlif çərçivədə görüşləri faktiki olaraq bir nəticə verməyib. Ekspert bu görüşdən də ciddi nəticə gözləmir: “Bu səfər çərçivəsində iki ölkə arasında hərbi-texniki əməkdaşlığın detalları müzakirə olacaq. Qarabağ məsələsində isə guya yaxın vaxtlarda dönüş olacağı deyilir. Lakin Azərbaycana qarşı Rusiyanın növbəti qeyri-səmimi və amansız oyununun şahidi də ola bilərik. Rusiya 5 rayonu qaytarmaqla hərbçilərin Qarabağa gətirilməsini aktuallaşdırmaq istəyir. Lakin bu məsələ sadəcə, vaxt uzatmağa hesablanıb”.
Ekspert qeyd edir ki, Azərbaycan tərəfi bu məsələlərdə diqqətli və ehtiyatlı olmalıdır: “Qarabağ və Türkiyəyə qarşı səmimi münasibətin şahidi olmuruq. Rusiya Azərbaycana qarşı səmimi olsaydı, Ermənistana Azərbaycan torpaqlarını işğal etdiyini deyərək, ona yerini göstərərdi. Görüşlər, təmaslar hamısı vaxt itkisidir. Bizi xoşagəlməz fakt qarşısında qoya bilərlər. Rusiyanın çalışdığı budur və bizi nəyəsə razı salmağa çalışırlar. Azərbaycan tərəfi buna aldanmamalı və Rusiyanın qeyri-səmimi oyunlarına getməməlidir”.