Dairə bağlandı

15-08-2016, 09:49           
Dairə bağlandı
Günbəgün bir-birinin ardınca gələn Azərbaycan, Iran, Rusiya prezidentlərinin Bakı görüşü, Rusiya və Türkiyə prezidentlərinin Sankt-Peterburq danışıqları və nəhayət, Ermənistan və Rusiya prezidentlərinin Moskva görüşü bir-biri ilə əlaqəlidir və tədricən Aralıq Dənizindən Xəzərə qədər sabitlik yaradırlması mərhələsinə qədəm qoyan qlobal geosiyasi proseslə birbaşa əlaqəsi var.

Rəsmi Tehran Xəzər üçlüyünün Bakı sammiti ərəfəsində Türkiyə prezidenti Ərdoğanın da danışıqlara qoşulmasını istədiyini dilə gətirib, bir halda ki, Türkiyə prezidenti Sankt-Peterburqda əvvəlki Iran-Rusiya-Türkiyə birliyi ideyasına əlavə olaraq, Azərbaycan, Rusiya və Türkiyənin şəxsində ittifaq üçbucağı qurmaq ideyası irəli sürüb. Ümumiyyətlə, 9-10 avqust tarixləri yüksək səviyyəli Bakı və Sankt-Peterburq sammitləri ərzində bütün maraqlı tərəflərin qarşılıqlı reveransları, təşəbbüslərin dəstəklənməsi və irəli sürülən yeni ideyalarla zəngin olub.

Danışıqların bütün iştirakçılarının sonuncu fəallaşması və birgə nikbinliyi bir tərəfdən Ön Asiyada hərbi əməliyyatların yekun mərhələyə qədəm qoyması ilə, digər tərəfdən isə Xəzər görüşü iştirakçılarının bir çox regional və ölkədaxili problemlərin açarı əlində olan ABŞ ilə sıx və konstruktiv dialoq qurması ilə mümkün olub.


90-cı illərin ortalarından Avropadan Çinə “Ipək yolu”nu, habelə energetika marşrutlarının şaxələndirilməsini təşviq edən Qərb dünyası iqtisadi çəkisi ilə əlaqədar bu gün region ölkələrinin iştirakı ilə artıq həyata keçirilmiş və ya həyata keçirilməsi müxtəlif mərhələlərdə olan nəqliyyat və neft kəməri layihələrinin əsas benefisiantıdır.

Bakı Bəyannaməsinin preambulasına, habelə Putin və Ərdoğanın Sankt-Peterburqda yekun bəyanatlarına baxsaq, aydın görünür ki, kommunikasiya amili müəyyənedici amildir və tərəflərin bəyan edilən bütün niyyətləri və əməlləri yaxın bir neçə ildə məhz nəqliyyat və neft-qaz kəməri layihələrinin həyata keçirilməsinə tabedir. Əsas layihələr Şimal-Cənub, Şərq-Qərb dəmir yolu, Mavi Axın-2, TANAP kəmərləri və s.-dir, onlar qlobal yük daşınması, satış və istehsal bazarlarına neft və qaz axını üçün imkanlar yaradır.

Bu layihələr regionun sabitliyi və inkişafı üçün qlobal əhəmiyyət daşıyır, belə ki, əməkdaşlıq qurulması üçün ümumi motivasiya yaradır ki, bu da Türkiyə və Rusiya arasında 2015-ci il noyabrın 24-də Su-24-ün vurulmasından sonra, demək olar, pozulmuş münasibətlərin tarazlaşdırılması üçün sürətlə yolların axtarılmasından asanlıqla görünür. Vaşinqton və Tehran arasında münasibətlərin normallaşdırılmasının ardınca Iran və Azərbaycanın mövqelərinin yaxınlaşdırılmasını, həmçinin bütün formatlardakı görüşlərdə danışıqlar mövzusu olan Qarabağ probleminin həllinin Rusiya, eləcə də beynəlxalq təşkilatların sürətləndirməsini də buraya aid etmək olar.

Qarabağ münaqişəsi Suriya, Iraq və Fələstin kimi münaqişələr sırasına aid olmasa da, Yaxın Şərqdən Böyük Qafqazın dağətəyi ərazilərinə qədər uzanan qaynar nöqtələr şəbəkəsini bağlayır. Və bu mənada Bakı və Sankt-Peterburq görüşlərində təklif edilmiş layihələrin həyata keçirilməsi üçün mühüm məqamdır. Bu görüşlərin bütün iştirakçıları problemin tezliklə beynəlxalq ərazi bütövlüyü prinsipi çərçivəsində həlli fikrində getdikcə daha da yaxınlaşır.

ABŞ-ın hazırki mərhələdə münaqişənin nizamlanmasında Rusiyanın üstünlüyünə mane olmadığını, habelə Vaşinqtonun son vaxtlar müşahidə olunan Azərbaycan, Iran, Rusiya və Türkiyənin iştirakı ilə müxtəlif formatların inkişafı proseslərinə kənardan baxdığını nəzərə alsaq, belə bir nəticəyə gəlmək olar ki, bu təşəbbüslər regionda əmin-amanlıq yaratmaq və onu Köhnə və Yeni Dünyanın ticari-iqtisadi maraqlarının mərkəzinə çevirmək strategiyasına uyğundur. Bu isə öz növbəsində 9-11 avqust tarixlərində keçirilən Bakı, Sankt-Peterburq və Moskva görüşlərində müzakirə olunan məsələlərin həyata keçirilməsinə əlavə təkan və zəmanət verir.

“Turan” Analitik Xidməti












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.