Bu gün Natiq Cəfərlinin məhkəməsidir
17-08-2016, 09:22
İlqar Məmmədov Cəfərlinin həbsini özünə təzyiq kimi qəbul edir; Fərəc Kərimli amnistiyaya düşsə də, azadlığa çıxacağı gün məlum deyil...
Bu gün Bakı Apelyasiya Məhkəməsində ötən həftə həbs edilən REAL-ın icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin qərardan verdiyi şikayətə baxılacaq. Proses saat 15:00-da hakim Mirzəli Abbasovun sədrliyi ilə başlayacaq. Bu barədə iqtisadçı ekspertin vəkili Cavad Cavadov facebook səhifəsində paylaşdığı statusda məlumat verib. Vəkil məhkəmə prosesinin qapalı keçiriləcəyini bildirib.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun avqustun 16-da keçirilən iclasında N.Cəfərlinin məsələsi müzakirə olunub. Bu barədə “Yeni Müsavat”a məlumat verən İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi ki, iclasda təkcə iqtisadçı ekspert deyil, son günlərdə həbs edilən digər şəxslərin də məsələsini müzakirə ediblər: “Son günlərdə həbs edilən şəxslərlə bağlı müzakirələrimiz oldu. Amma bu təkcə Natiq Cəfərli ilə bağlı olmadı, digərləri barədə də danışdıq. Onlarla bağlı görüşlər təşkil edəcəyik. Kimlərlə görüşəcəyik, o da müzakirələrimiz sırasında oldu. Bu barədə mətbuata məlumat verəcəyik”.
Onu da qeyd edək ki, N.Cəfərlinin karantin müddəti başa çatıb. Ailəsi avqustun 17-də təcridxanaya onun üçün sovqat aparıb. Sovqat qəbul edilib. Cəfərli özü təcridxanadan evə zəng edərək, aparılan sovqatın ona çatdırıldığını, vəziyyətinin normal olduğunu bildirib.
Xatırladaq ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.
Bu arada REAL-ın həbsdəki sədri İlqar Məmmədovun Şəki Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şikayətinə baxılma müddəti yubadılır. Artıq REAL sədrinin Ali Məhkəməyə müraciətinin üzərindən 1 ay ötür.
Onun vəkili Fuad Ağayev məhkəmənin yubadılması ilə bağlı yaranan sualın ona yox, Ali Məhkəməyə ünvanlanmasının vacibliyini vurğuladı: “Müdafiə tərəfi olaraq, məhkəmənin vaxtını gözləyirik. Görək Ali Məhkəmə hakimləri nə vaxt onların üzərinə düşən vəzifəni icra edəcəklər. İlqar bəylə ötən həftə görüşdüm. Vəziyyətində elə bir dəyişiklik yoxdur”.
İ.Məmmədov icraçı katibinin həbsini özünə qarşı təzyiq kimi qəbul edir. Bu barədə qəzetimizə açıqlamasında onun həyat yoldaşı Vəfa Məmmədova məlumat verdi: “Bazar günü telefonla danışdıq. Natiqin həbsinə görə çox əsəbi idi. Bildirdi ki, həbs ona təzyiq etmək üçündür”.
Hazırda icra prosesi gedən amnistiya aktına düşən Müsavat başqanının müavini Fərəc Kərimlinin azadlığa çıxacağı müddət isə hələ də məlum deyil. Vicdan məhbusunun atası Raqif Kərimli hazırda oğlunun cəza çəkdiyi 14 saylı cəzaçəkmə müəssisəsində amnistiya icrasının davam etdiyini söylədi: “Deyirlər ki, amnistiya aktındakı siyahıda Fərəcin adı var. Amma icra prosesi həyata keçirilmir. Aktın icrası 4 ay müddətində həyata keçirilir. Biz də gözləməyə məcburuq. Hər həftə amnistiya ilə azadlığa buraxılanlar var, Fərəcin olduğu cəzaçəkmə müəssisəsindən. O müəssisədən çox məhbus amnistiyaya düşüb, təxminən 200 nəfərdən yuxarı. Onlardan yarısı hələ azadlığa buraxılmayıb. Fərəcin ümumi vəziyyəti yaxşı olsa da, müəssisədə bəzi problemlər var. Su vaxtında verilmir, bəzən də heç verilmir”.