ABŞ-la rəsmi Bakı arasında referenduma görə gərginlik

18-08-2016, 09:34           
ABŞ-la rəsmi Bakı arasında referenduma görə gərginlik
Dövlət Departamentinin və Konqresin Helsinki Komissiyasının bəyanatlarına YAP-dan sərt cavab gəldi
26 sentyabrda keçiriləcək referendumda təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyasının yaratdığı “Yeni Azərbaycan” təşəbbüs qrupu imzatoplama kampaniyasını başa çatdırıb. Bu barədə YAP icra katibinin müavini Siyavuş Novruzov məlumat verib.

Onun sözlərinə görə, 40 mindən çox seçici imzası toplanıb və müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunub. Mərkəzi Seçki Komissiyası həmin sənədləri qəbul edib, araşdırmalar aparır. “Yeni Azərbaycan” təşviqat qrupu kimi qeydə alınacaqsa, Seçki Məcəlləsinə uyğun addımlar atılacaq, buraya vəkillərin, məşvərətçi səs hüquqlu üzvlərin, müşahidəçilərin təyin olunması və sentyabrın 3-də başlayacaq təşviqata hazırlıq işləri daxildir. Partiyanın bununla əlaqədar proqramı hazırlanır.

S.Novruzov onu da deyib ki, konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumla bağlı təşviqat qrupu qismində iştirak etmək üçün keçirilən imzatoplanma kampaniyasında müxalifətçilərə təzyiq olunması ilə bağlı iddialar tamamilə yanlışdır: “Referendumda hansısa təşkilatın təşviqat qrupu qismində iştirak etməsi üçün 40 min imza lazımdır. Azərbaycanda 125 dairə var. İmzalar ən azı 60 dairədən toplanmalıdır, hər dairədən də 100-dən aşağı imza olmamalıdır. Bu da Azərbaycandakı seçicilərin heç 0,1 faizi demək deyil. Azərbaycanda 5 milyon seçici var, təşviqat aparmaq üçün 40 imza tələb olunur. 40 min imza toplaya bilməyən şəxs və ya təşkilat necə təşviqat apara bilər? Bəzən internetdə xəbər portallarında və ya sosial şəbəkələrdə olan yazıların oxunma sayı 100 minə çatır. Yəni, adi bir məqaləyə bu qədər diqqət olduğu təqdirdə, hansısa təşkilat imza toplaya bilmirsə, bunun səbəbini icra hakimiyyətində deyil, özündə axtarsın”.

Xatırladaq ki, referendumla bağlı təşəbbüs qrupu yaradan yeganə müxalifət partiyası Müsavatdır. Müsavat Partiyasının Divan üzvü İkram İsrafil “Yeni Müsavat”a bildirdi ki, 26 sentyabra təyin edilmiş referendumla bağlı Müsavat Partiyasının təşəbbüsü ilə yaradılmış “Respublika” təşviqat qrupunun qeydə alınması üçün imza toplanması kampaniyası əsasən başa çatıb: “Yerli təşkilatlarımız artıq 70-dən çox rayon, Bakı, Sumqayıt, Gəncə kimi şəhərlərimizdə tələb olunan 40 min imzanın toplanıb başa çatması barədə məlumat verib”.

İ.İsrafil dedi ki, YAP-çı deputatın imza toplayan müxalifətçilərə maneələr yaradılmadığı barədə açıqlamasının doğru olmadığını sübuta yetirən konkret faktlar kifayət qədərdir: “İmza toplanması kampaniyası dövründə Cəlilabad, Masallı, Abşeron, Qazax və başqa rayonlarda, Gəncə şəhərində yerli hakimiyyət strukturları tərəfindən bu prosesə maneələr törədilib. İmza toplayanlara, onların yaxınlarına təzyiq göstərilib. İmza vərəqələri oğurlanıb.

Şəxsən mənim təhkim olduğum Şəki-Balakən və ətraf 12 rayonun bir neçəsində yerli hakimiyyət orqanları imzatoplama prosesinə müxtəlif maneələr yaratmağa cəhd ediblər. İmza toplayanları polisə aparmaq, izləmək və s. kimi qanunazidd hərəkətlərə yol verilib.
Bütün bunlara baxmayaraq, yerli təşkilatlarımız, bu işdə bizə yardım göstərən “NİDA” Vətəndaş Hərəkatının və “D-18" Hərəkatının fəalları lazım olan ərazilərdən, lazım olan sayda imza toplamağa nail olublar.

Bugünlərdə müxtəlif rayonlardan aldığımız məlumatlara görə, yerli icra hakimiyyəti strukturları doldurulmuş imza vərəqələrini ələ keçirmək üçün müxtəlif üsullara əl atmağa başlayıb. Bu məqsədlə yerli təşkilatlarımızın nümayəndələrinə təzyiq göstərilir, dilə tutma, hədə-qorxu gəlmə və digər üsullardan istifadə edilir. Polis və yol polisi tərəfindən imza vərəqələrinin olduğu ehtimal edilən avtomobillərdə axtarış aparılır.

Müsavat Partiyası olaraq biz baş verənləri Azərbaycan Konstitusiyası və qanunlarının, o cümlədən Seçki Məcəlləsinin kobud surətdə pozulması kimi qətiyyətlə pisləyirik. Bu barədə partiyanın bəyanatı da var. Azərbaycan hakimiyyətindən və Mərkəzi Seçki Komissiyasından bu qanun pozuntularına və özbaşınalıqlara son qoyulması üçün lazımi tədbirlər görmək tələb edilir. Siyavus Novruzov ““Respublika” təşəbbüs qrupunun imza toplayanlarına təzyiqlər varsa, araşdırılıb cəzalandırılacaq” desəydi daha məqbul olardı".

Bu arada, 26 sentyabr referendumu ilə bağlı ABŞ-dan eyni gündə iki rəsmi reaksiya gəlib. ABŞ Dövlət Departamenti sözçüsünün müavini Mark Toner bəyanat yayıb. ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, bəyanatda qeyd olunur ki, ABŞ Azərbaycan hökumətini fundamental hüquqlardan yararlanmalarına görə həbs olunan fəalları azadlığa buraxmağa və vətəndaşların fundamental hüquqlarına hörmətlə yanaşmağa çağırır: “Biz Azərbaycan hökumətini xüsusilə 26 sentyabr Konstitusiya referendumu ərəfəsində dövlətin tutduğu istiqamətə dair açıq ictimai dialoqun inkişafına imkan yaratmağa çağırır, konstitusiya dəyişikliklərinə dair birgə rəyin alınması üçün onları Venesiya Komissiyası və ATƏT-ın Demokratik Təsisatlar və İnsan Haqları Ofisinə təqdim etməyə təşviq edirik”.

ABŞ Konqresinin Helsinki Komissiyası isə açıqlama yayaraq bəyan edib ki, Azərbaycanda son günlər həyata keçirilən həbslərdən və referenduma qarşı çıxanlara təzyiqlərdən narahatdır. Helsinki Komissiyası açıqlamasında Azərbaycanda referenduma qarşı çıxanlara təzyiqlərin yolverilməz olduğunu bildirib.

Qeyd edək k, Helsinki Komissiyasının sədri Kris Smith «Azərbaycan Demokratiya Aktı»nın müəllifidir. Bu layihənin hazırlanmasında məqsəd Azərbaycan hökumətinin müstəqil jurnalistlərin, müxalifətçilərin və vətəndaş cəmiyyəti qruplarının səslərini susdurmağa yönəlik sistematik səylərə diqqət çəkməkdir.

Azərbaycan hakimiyyətindən isə ABŞ-dan verilən bəyanata sərt reaksiya verilib. Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov modern.az deyib ki, kimsə hardasa oturub ağzına gələni, bizə məsləhət bildiyini öz ölkəsinə rəva görsə, daha yaxşı olar: “Biz Mark Tonerin bu bəyanatını yersiz və mənasız bir addım kimi qəbul edirik. Heç nədən və kiminsə həbsi haqqında məlumatı olmayan, hər hansı hüquqi aktla tanış olmayan ABŞ Dövlət Departamenti rəsmisinin belə bir çağırış etməsi əsassız və yersizdir. Mark Toner haradan bilir ki, Natiq Cəfərli cinayət törətməyib? Mark Toner istintaqda iştirak etməyib. Proses hələ təzə başlayıb, məhkəmənin də hələ yekun hökmü yoxdur. Kimlərinsə həbsinin referendumla əlaqələndirilməsi absurddur. Azərbaycanda siyasi məhbus yoxdur, yalnız bu və ya digər şəkildə cinayət törətmiş şəxslər məsuliyyətə cəlb olunublar. Onlar əsasən vergidən yayınmaq, xuliqanlıq və digər cinayət maddələri ilə məsuliyyətə cəlb ediliblər. Onların bəziləri haqqında məhkəmə hökm çıxarıb, bəziləri haqqında isə məhkəmə qərarı hələ yoxdur, istintaq gedir. Ölkənin hüquq-mühafizə orqanları müvafiq əməliyyat istintaq tədbirləri həyata keçirir. ABŞ Dövlət Departamentinin, Mark Tonerin Azərbaycan hökumətinə, dövlətinə, istintaq və hüquq-mühafizə orqanlarına göstəriş verməsi heç bir beynəlxalq hüquq normasında yoxdur.

Onsuz da Dövlət Departamenti üçün heç bir fərqi yoxdur. Yəni kimsə hansısa müxalif bir təşkilatın və ya partiyanın üzvüdürsə və konkret olaraq cinayət əməlinə görə həbs olunursa, ABŞ mütləq həmin şəxsi siyasi məhbus adlandırır. Əlbəttə ki, belə bir addım heç bir halda düzgün deyil. Ona görə də Mark Tonerin Azərbaycana qarşı səsləndirdiyi bu kimi çağırışlar mənasız və heç bir hüququ aspektə sığmayan bir addımdır. Onun bəyanatı havaya deyilmiş sözlərdir". musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.