Şoyqunun Bakı səfərinin əsas hədəfi

19-08-2016, 09:39           
Şoyqunun Bakı səfərinin əsas hədəfi
Başlıca müzakirə mövzusu Siriya məsələsi olub

Müdafiə naziri Sergey Şoyqunun Azərbaycana və Ermənistana səfərinin gündəliyinə regional təhlükəsizlik, Qarabağ problemi və hərbi-texniki əməkdaşlıq məsələləri daxil idi.

Rusiya müdafiə naziri Sergey Şoyqunun avqustun 14-də Bakıya və 15-də Yerevana səfəri, daha sonra Iranda Həmədan aviabazasında Rusiya HHQ-nin yerləşdirilməsi, Suriyadakı hədəflərə növbəti dəfə qanadlı “Kalibr” raketlərinin buraxılmasına hazırlıq açıq-aşkar göstərir ki, müzakirə mövzusunun əsas elementi Suriya böhranının tənzimlənməsi və terrorizmə qarşı mübarizə olan regional təhlükəsizlik məsələsi olub.


Hələ 2015-ci ilin dekabrında Moskvada Azərbaycan və Rusiyanın müdafiə nazirlikləri 2016-cı il üçün Hərbi Əməkdaşlıq Planı imzalayıblar. Onun təfsilatı açıqlanmayıb. Yalnız bu əməkdaşlığın üç aspekti qeyd edilib – azərbaycanlıların Rusiya ali hərbi məktəblərində təhsil alması, hərbi idman tədbirlərində və silah sərgisində iştirak.

Avqustun 9-da prezident Vladimir Putinin Bakıya səfərindən sonra artıq əməkdaşlıq planına düzəlişlər edilməsi, hər iki ölkənin cənub bölgələrində qarşılaşdığı regional terror təhlükəsi və radikal dini təhlükələrə qarşı mübarizə elementinin gücləndirilməsi zərurəti haqqında bəyanat səslənib. “Bu regionda və Yaxın Şərq regionunda təhlükəsizlik vəziyyətini müzakirə etmək lazımdır. Bundan başqa, hərbi və hərbi-texniki əməkdaşlıq proqramına düzəlişlər edilməli və bir sıra məsələlər həll olunmalıdır”, deyə Şoyqu Zakir Həsənovla görüşdə bildirib.

Şoyqunun səfərinin gündəliyini Putin Ilham Əliyevlə görüşündə müəyyən edib. “Səfəriniz Rusiya prezidentinin səfərindən dərhal sonra baş tutur. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsi bir çox regional təhlükəsizlik məsələlərini həll etməyə imkan verir”, deyə Əliyev Şoyqunu Bakıda qarşılayarkən bildirib.

Hazırkı halda proqnozlaşdırmaq olar ki, ilk növbədə tərəflər hərbi sahədə Yaxın Şərq üzrə məlumat mübadiləsini gücləndirəcək, ikincisi isə, Azərbaycandan qüvvə və vəsait göndərilməsi üçün körpü kimi istifadə olunacaq.

Azərbaycan həmçinin Suriya böhranının bəzi tərəfləri və Moskva arasında da bir körpü rolu oynaya bilər. Məsələ ondadır ki, bu gün əsas hadisələr strateji Aleppo rayonunda baş verir və Rusiya tərəfi bildirib ki, ABŞ və Rusiyanın Suriyanın bu mühüm regionu üzrə mövqeləri yaxınlaşır. Türkiyə üçün də böyük əhəmiyyət daşıyan bu məsələ Peterburqda Putin və Ərdoğan arasında müzakirə olunub. Bakıda Əliyevlə də bu məsələnin müzakirə olunduğu istisna deyil. Latkiya və Aleppo Əsəd qoşunlarına qarşı mübarizə aparan Suriya türkmənlərinin (Cənubi Azərbaycan şivəsilə danışırlar) sıx yaşadığı yer sayılır.

Qeyd etmək lazımdır ki, Suriya inqilabçı və müxalifət qüvvələri milli koalisiyasına türkmən Xaled Xoca başçılıq edir. Bir il əvvəl o, Moskvaya səfər etmişdi və XIN rəhbəri Sergey Lavrovla görüşdən sonra qeyd edib ki, Rusiyanın Suriya böhranı üzrə mövqeyi daha elastik hal alıb ki, bu da münaqişənin tənzimlənməsinə kömək edə bilər.

Suriyada “Suriya Türkmən Hərəkatı”, “Suriya Türkmən Platforması” fəaliyyət göstərir, Türkiyənin rəsmi hakimiyyəti onları dəstəkləyir. Suriya türkmənlərinin silahlı birləşmələrindən “Suriya Türkmənləri Briqadası”, “Cəbəl ət-Türkmən Briqadası” və “Sultan Səlim Briqadası” məşhurdur.

Qarabağ problemi

Qarabağ münaqişəsi regional təhlükəsizlik məsələsi ilə birbaşa əlaqəlidir və nəzərə almaq lazımdır ki, Suriya və Iraq böhranı hərbi müstəvidən siyasi müstəviyə keçdikdən və daha sonra Suriya və Iraqda sülh prosesi təşviq olunduqdan sonra o, ön plana çıxacaq. Ləng gedən hərbi-siyasi Qarabağ münaqişəsinin həllinə tarixi, dini, etnik yaxınlıqla əlaqədar və əlbəttə, siyasi və iqtisadi maraqlar baxımından mövqeləri üst-üstə düşən Azərbaycan, Iran, Türkiyə, habelə Böyük Yaxın Şərqdə real oyunçu olan ərəb ölkələrinin mövqeləri nəzərə alınmaqla nail olunacaq.

Rusiya öz maraqlarını Kiçik Qafqaz hüdudlarından kənara doğru genişləndirmək üçün müəyyən dərəcədə bu məqamları nəzərə almalı olur. Böyük maddi resursları və insan resursları olan region ölkələrinin bərpası və inkişafı üzrə dinc prosesin işə salınmasından sonra daha da güclənəcək. Hazırkı mərhələdə Şoyqunun vəzifələrinə nisbi sülhün qorunub saxlanması üçün tərəflərlə əlaqə yaratmaqdan başqa bir şey daxil deyil.

Hərbi-texniki əməkdaşlıq

Demək olmaz ki, hərbi təhsil, məlumat mübadiləsi məsələləri istisna olmaqla, hərbi-texniki aspekt danışıqların əsas mövzusu olub, belə ki, silah satışı və istehsalı məsələsi baş nazirin müavini Dmitri Roqozinin nəzarətindədir və Müdafiə Nazirliyinin bununla dolayı əlaqəsi var. Yeri gəlmişkən, bu məsələdə tərəflər arasında anlayış var. Üçgünlük uğurlu aprel müharibəsindən sonra Azərbaycan bundan sonra da genişmiqyaslı silah alışları həyata keçirməyə və hətta öz ərazisində birgə silah istehsalını və silahların müasirləşdirilməsini inkişaf etdirməyə hazır olduğunu bildirib. Putinin Bakıya səfəri zamanı bu motivlər səslənib. 2017-ci ildə T-90C tankları, döyüş piyada maşınları, özügedən artilleriya qurğuları, reaktiv yaylım atəşi sistemləri, ağır odatan sistemlər, helikopterlər, zenit kompleksləri və s.-dən ibarət silahların satışı haqqında müqavilənin müddəti başa çatır.

Bununla əlaqədar işçi qruplar Rusiya silahlarının bundan sonrakı satışı və Azərbaycan ərazisində Rusiya silahlarının istehsalı və müasirləşdirilməsi üzrə qurumların yaranması məsələləri üzərində işləyir.

“Turan” Analitik Xidməti












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.