Böyük anlaşma: Rəsul Quliyev vətənə qayıdır
19-08-2016, 13:58
Eks-spiker Rəsul Quliyevin Azərbaycana qayıdışına hazırlıq gedir
Bu barədə Politika.Az-ın əldə etdiyi özəl məlumatda bildirilir ki, Vaşinqtonda uzun illərdir yaşayan R.Quliyevin vətənə dönüşü razılaşdırılıb.
Onun referendumdan sonra ölkəyə gələcəyi xəbər verilir. Keçmiş spikerin qayıdışının hakimiyyətlə uzun zamandır gedən danışıqların yekununda razılaşdırıldığı deyilir.
Eks-prezident Ayaz Mütəllibovun vətənə qayıtmasına imkan yaradılmasından sonra Rəsul Quliyevin də məsələsi gündəmdə olub. Lakin o zaman siyasi rəhbərlik buna razılıq verməyib.
Mənbə bildirib ki, artıq hakimiyyətlə gedən danışıqlar müsbət nəticə verib və eks-spiker Azərbaycana dönə bilər. Bu dönüşün referendum ərəfəsində olacağı da istisna edilmir. Lakin daha çox oktyabr-noyabr aylarına təsadüf edəcəyi bildirilir.
Qeyd edək ki, zaman-zaman Quliyevin Bakıya qayıdacağı haqda iddialar səslənib. Özü də vətənə gələcəyini desə də, reallaşmayıb. Ən sonuncu dəfə 2003-cü ilin prezident seçkiləri ərəfəsində qaydışı daha real görünürdü. Amma mümkün olmayıb.
Milli Məclisin sabiq sədri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyevin adı İnterpolun axtarış siyahısından çıxarılıb. Eks-spiker bildirib ki, onun uzunmüddətli yazışmaları və müraciətlərindən sonra İnterpol rəhbərliyi düzgün qərar qəbul edib. Rəsul Quliyev 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verib. O, həmin ildən bu günə kimi ABŞ-da siyasi mühacir həyatı yaşayır.