AXCP-də yenə ara qarışdı
25-05-2015, 00:20
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon təşkilatının təşkilati məsələləri şöbəsinin müdiri Ağaşirin Tanrıverdioğlu partiyadan çıxarılıb.
Bu barədə APA-ya o, özü məlumat verib. Onun sözlərinə görə, bu gün AXCP-nin Nərimanov rayon təşkilatında 28 May-Respublika Günü ilə bağlı müşavirə çağrılıb və orda A. Tanrıverdioğlunun partiyadan çıxarılması ilə bağlı qərar qəbul edilib.
A. Tanrıverdioğlu partiyadan kənarlaşdırılmasında AXCP sədri Əli Kərimlini və onun müavinlərini ittiham edib: “Həmin iclasda Gözəl Bayramlı qeyri-qanuni yolla müşavirəni Məclisə çevirdi. Heç bir əsas olmadan Əli Kərimlinin göstərişi, Fuad Qəhrəmanlı və Gözəl Bayramlının təkidi ilə məni partiyadan çıxardılar”.
O bildirib ki, partiyadan kənarlaşdırılmasına səbəb AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya qarşı çıxması olub: “Azərbaycanda müxalifət qüvvəsi kimi Milli Şura tanınır. Fuad Qəhrəmanlı isə kəskin göstəriş verdi ki, mitinqlərdə Cəmil Həsənlinin deyil, Əli Kərimlinin adını çəkin, qışqırın. Sonradan mən məlumat əldə etdim ki, Əli Kərimli Milli Şuranın sədri olmaq istəyir və partiyada sədrliyi Fuad Qəhrəmanlıya vermək istəyir. Mən də buna qarşı çıxdığım üçün, partiyadan kənarlaşdırdılar”.
A.Tanrıverdioğlu sabah partiyanı məhkəməyə verəcəyini deyib: “Ancaq mən bütün hallarda sabah partiyanı məhkəməyə verərək, onlardan 25 illik haqqımı tələb edəcəyəm”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə bugünkü qərardan məlumatlı olmadığını deyib. O, A. Tanriverdioğlunun onunla bağlı ittihamlarını isə “cəfəngiyyat” adlandırıb.