Azərbaycan Rusiya ilə tərəfdaşlığına baxmayaraq, əvvəlkitək Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.
24-04-2024, 12:04
ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan 1980-ci illərin ortalarında SSRİ-nin son rəhbəri Mixail Qorbaçovla anlaşma imzalayanda dağınıq rus dilində rusların məşhur atalar sözünü söyləmişdi: “Доверяй, но проверяй”. Yəni “inan, ancaq yoxla” anlamına gələn bu ifadə həqiqətən ABŞ-SSRİ münasibətlərinin son illərini xarakterizə edirdi. Azərbaycan Rusiya və SSRİ imperiyaları dövründə çox əziyyətlər çəkdi, torpaqları işğal edildi, ərazilərin bir hissəsi Ermənistana hədiyyə edildi, separatizm yaradıldı. Ərazi bütövlüyümüzün təmin edilməsiylə və Qarabağ üzərindəki suverenliyimizin bərpasıyla Kremlin separatizm üzərindən Azərbaycana təzyiq aləti ortadan qaldırıldı. Rusiya hərbi kontingentinin Azərbaycanı tərk etməsi iki ölkə arasındakı münasibətlərdə gərginlik yarada biləcək amili də yox etdi. Prezident İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü bu atmosferdə keçirildi.
Bu arada, İlham Əliyevin ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvəti də yerindədir.
Bakıdakı tədbirə Vladimir Putin gəlməyəcək. Lap yaxşı, çünki əks halda Bakıdakı tədbirə Qərb ölkələrinin və beynəlxalq təşkilatın liderləri qatılmazdılar. Zelenskinin İlham Əliyevin dəvətini qəbul edərək ölkəmizə gəlişi Bakının ABŞ və Avropa İttifaqına növbəti mesajı olacaq ki, Azərbaycan Rusiya ilə tərəfdaşlığına baxmayaraq, əvvəlkitək Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.
Elxan Şahinoğlu
TEREF