REAL referendumda iştirakdan imtina etdi
22-08-2016, 16:16
«Son həbslər və təzyiqlər REAL hərəkatını sentyabrın 26-na təyin olunan referendumda iştirak etmək qərarından daşındırıb».
Bunu REAL hərəkatı rəhbərlərinin avqustun 22-də keçirilən mətbuat konfransında idarə heyətinin üzvi Azər Qasımlı deyib.
Ancaq onun deməsinə görə, bu qərar boykot hesab olunmamalıdır: «Biz imza kampaniyasını dayandırdıq. Həbs olunan Natiq Cəfərli və Toğrul İsmayılov Mərkəzi Seçki Komissiyasında REAL-ın səlahiyyətli nümayəndələri idi. Eyni zamanda, təşəbbüs qrupunun üzvü Elşən Qasımlı da həbs edilib. Bundan əlavə, xalqı məlumatlandırmaq üçün çap etdirdiyimiz 100 min flayer qeyri-qanuni şəkildə müsadirə olunub».
Hərəkatın idarə heyətinin başqa bir üzvi Erkin Qədirli isə deyib ki, hakimiyyətə yaxın mediada REAL-a qarşı kampaniya aparılır. «Belə bir siyasi atmosferdə seçki kampaniyası aparmağın heç bir mənası yoxdur. Çünki hakimiyyət son həbslərlə və flayerlərin müsadirəsiylə onu göstərdi ki, referendumu diskussiya olmadan, sakit şəkildə keçirmək istəyir. Heç yarımüzakirə mühitinə belə razı deyillər. Son məhkəmə prosesləri isə ifadə azadlığının ciddi pozulmasıdır», – deyə E.Qədirli bildirib.
E.Qədirlinin deməsinə görə, hakim partiyanın bundan sonra onları imza toplaya bilməməkdə ittiham etməsi heç bir anlam daşımır.
Azər Qasımlı da deyib ki, imza kampaniyasına həbs və təzyiqlər imkan verməyib. «Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının nə deməsinin bizim üçün heç bir mənası yoxdur. Son həbslər və flayerlərin müsadirəsi artıq faktdır»,-deyə Azər Qasımlı vurğulayıb.
azadliq.org