Helikopterin qəzaya düşməsinin detalları “qara qutu” açıldıqdan sonra bəlli olacaq.
21-05-2024, 09:24

İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın, bundan başqa digər rəsmi şəxsləri daşıyan helikopterin qəzaya düşməsinin detalları “qara qutu” açıldıqdan sonra bəlli olacaq.
Məsələ burasındadır ki, “qara qutu”da yazılanlar olduğu kimi ictimaiyyətə açıqlanacaq ya yox - ən yüksək versiya budur ki, nəticə olaraq qəzanın hava şəraiti səbəbilə baş verdiyi rəsmi məlumat kimi tirajlanacaq.
Həqiqətən də, helikopter uçan ərazilərin relyefini göstərən video və fotolara nəzər saldıqda, üstəlik qatı dumanı gördükdə, qəzanın texniki səbəblərdən olduğu göz önündə canlanır.
Bununla belə, başqa versiyaların da kənar qoyulması düzgün olmazdı, çünki bir sıra sual mövcuddur ki, buna cavab tapılmalıdır.
Birinci sual: Hadisə sui-qəsddirmi?
İkinci sual budur ki, sui-qəsddirsə, İranın daxilindən həyata keçirilib yoxsa kənar müdaxilələrlə? Daxili atmosfer ona görə aktualdır ki, Rəisi Xameneidən sonra ali rəhbər vəzifəsində təmsil oluna bilərdi.
Üçüncü sual daha geniş geosiyasi mənzərədə səslənir: Görəsən, İranın Rusiya-Çin-Şimali Koreya oxundakı həlledici rol qazanmaq səyləri kimə sərf etmirdi?
Dördüncü sual, İranın Azərbaycanla gərgin münasibətləri soyudaraq konstruktiv əməkdaşlıq rejiminə keçidi, iki ölkənin Rusiyanın da iştirak etdiyi “Şimal-Cənub” Nəqliyyat Dəhlizindəki rolları hansı dairələrə sərf etmirdi?
Hər halda, nəticə olaraq düşünürəm ki, Rəisi ali lider vəzifəsinə potensial namizəd olduğundan, onun ölümü daxildə Seyid Əli Xameneinin varisi məsələsinə ciddi təsir göstərəcək.
Ancaq Rəisinin ölümündən sonra İranın hazırkı xarici siyasətinin dəyişikliyə məruz qalacağını düşünmürəm.
Ehtimalıma əsasən, İranın daxili siyasətində daha aqressiv meyillər post-Xamenei dövrünə hazırlıq məqsədilə sürətli şəkildə aşkara çıxacaq.
Akşin Karimov
TEREF