Ermənistanda etiraz aksiyasında müxalifət öz namizədini irəli sürüb
27-05-2024, 09:04

Bazar günü Ermənistan paytaxtı Yerevanda keçirilən mitinqdə müxalifət Nikol Paşinyana alternativ olacaq namizədini irəli sürüb.
Yerevan Universitetinin professoru, şərqşünaslıq fakültəsinin keçmiş dekanı Qurgen Melikyan mitinq iştirakçıları adından gələcək Baş nazir vəzifəsinə Baqrat Qalstanyanın namizədliyini irəli sürüb, meydanda toplaşanlar bu xəbəri alqışlarla qarşılayıb.
Baqrat Qalstanyan namizədliyi səsləndirildikdən sonra deyib ki, onun bununla bağlı gözləntisi olmayıb.
Yepiskop Qalstanyan onu da deyib ki, öz üzərindən dini rütbəsini müvəqqəti götürmək xahişi ilə Bütün Ermənilərin Katolikosu II Qareqinə müraciət edib.
Bu etiraz aksiyaları başlanandan bəri Baş nazir Nikol Paşinyana qarşı ilk dəfə müxalifət öz namizədinin adını açıqlayıb.
Baqrat Qalstanyan namizədliyi barədə danışandan sonra mitinqdən birbaşa Nikol Paşinyanla görüşə gedəcəyini deyib.
Keşiş Qalstanyan Nikol Paşinyana müraciətində deyib ki, “Bir dəfə özünüzü xalq adamı hesab edirdiniz, velosiped sürür, yerdən zibil yığırdınız, amma çox keçmədi polislərin əhatəsində və vertolyotla dolaşmağa başladınız”.
“Mən sizi gəlib bu insanlarla təkcə bir şəxs kimi deyil, həm də bir kişi kimi tanış olmağa dəvət edirəm. Sən gəlməyəcəksən, çünki sənin hüquqi legitimliyin çoxdan tükənib. Amma indi vurğulayıram ki, sənin mənəvi legitimliyin də yoxdur”, - Baqrat Qalstanyan deyib.
O Paşinyana xitəbən deyib ki, “Sən suverenlikdən danışanda soruşmaq istəyirəm, bəlkə qərarlarını sən verməmisən, başqa yerdən verilir, öz xalqını terrora məruz qoyub, ələ salmağı diktə edirlər”.
Sonra izdihamı Nikol Paşinyanla danışıqlara yollanmağa çağırıb.
Keşiş bildirib ki, dinc, təxribatsız gedəcəklər, amma kim getmək çağrışına əməl etməsə “deməli təxribatçıdır”.
Hazırda Nikol Paşinyan Tavuş və Lori vilayətlərində ötən gün seldən zərər çəkən yaşayış məntəqələrindədir.
Baqrat Qalstanyan dedi ki, bu gün planlaşdırılan tədbir baş tutmasa, sabah səhər saat 8-dən bütün ölkə boyunca itaətsizlik aksiyalarına başlamaq lazımdır.
Etirazçılar hökumət iqamətgahı istiqamətində yürüş edirlər.
Nikol Paşinyanın ailəsinə məxsus olduğu deyilən “Haykakan Jamanak” qəzetinin məlumatına görə, hökumət iqamətgahının yaxınlığında bütün lazımi tədbirlər mövcuddur, mümkün təxribatlar və iğtişaşlara qarşı hüquq-mühafizə sistemi sərt tədbirlər görməyə hazırdır.
"Bütün təhrik edən şəxslər, statusundan asılı olmayaraq, cinayət məsuliyyətinə cəlb olunarlar", - “Haykakan Jamanak” yazıb.
Etiraz akisyasını ölkə rəhbəri Nikol Paşinyanın hakimiyyətinə qarşı olan “Tavuş vətən naminə” müxalif hərəkatı keçirilir.
Legitim hökümətin istefasını tələb edən etirazçılar son ayların ən böyük mitinqini təşkil edəcəklərini deyiblər.
Hərəkatın lideri Erməni Aposol Kilsəsi Tavuş vilayəti yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan xalqa müraciətində hamını Yerevanın Respublika meydannda toplaşmağa çağırıb.
“Bu, böyük və, başlıcası, vacib mitinq olacaq, bir çox sualların cavabı veriləcək, konkret planlarımız açıqlanacaq”, - o, tərəfdaşları ilə görüş zamanı deyib.
“Tavuş vətən naminə” hərəkatının etiraz aksiyası mayın 4-də Azərbaycanla sərhəd Kirants kəndindən Yerevana yürüşdən başlayıb. Yürüş boyunca səslənən əsas şüar “Hay, Hayastan, Hayrenik yev Astvats!” – “Erməni, Ermənistan, Vətən və Tanrı” – olub.
Ermənistanın Tavuş vilayətində, Azərbaycanın Qazax bölgəsinin dörd kəndinin Azərbaycana qaytarılması barədə iki ölkə arasında razılıq əldə olunanadan sonra etirazlar başlayıb.
Hərəkat iştirakçıları öz etirazlarını “birtərəfli delimitasiya və demarkasiya prosesinə qarşı” bütün Ermənistanda baş almış aksiyalarla əlaqələndirir.
Mayın 9-da yürüş iştirakçıları Yerevana çatıb və Respublika meydanında mitinq keçirilib.
Təqribən 30 mindən çox mitinq iştirakçıları adından hərəkatın lideri Baqrat Qalstanyan Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbini səsləndirib.
Mitinqdən sonra Yerevanda və Ermənistanın müxtəlif rayonlarında itaətsizlik aksiyaları başlanıb.
Etirazçılar "Erməni, Ermənistan, Vətən və Tanrı" şüarları səsləndirib yolları bağlayıb, nəqliyyatın hərəkətini saxlamağa, idarə və müəssisələrin fəaliyyətini dayandırmağa çalışıblar.
Baqrat Qalstanyanın çağırışı ilə bir çox universitet və kollec tələbələri tətil elan edib və aksiyalara qatılıblar.
Bugünkü mitinq ərəfəsində etiraz hərəkatının lideri, keşiş Baqrat Qalstanyan Ermənistan Baş naziri Nikol Paşinyanın “siyasi həyatının son günlərini” yaşadığını bəyan edib.
“Sən öz siyasi həyatının son günlərini yaşayırsan. Yadında saxla, Nikol Paşinyan! Sənin bu qanunsuzluqların, qeyri-qanuni və konstitusiyaya zidd həyatın, siyasi həyatın kimi, tezliklə sona yetəcək. Sən hər mənada tam məsuliyyət daşıyacaqsan”, - Baqrat Qalstanyan jurnalistlərlə görüşü zamanı Baş nazir Paşinyanına xitabən deyib.
Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, Ermənistanda hakimiyyət dəyişikliyi qanuni legitim seçkilər vasitəsilə baş verməlidir.