Bayden prezidentlik yarışından çıxdıqdan sonra Tramp və digər Respublikaçılar onun istefasını tələb edir

23-07-2024, 11:58           
Bayden prezidentlik yarışından çıxdıqdan sonra Tramp və digər Respublikaçılar onun istefasını tələb edir
Co Bayden noyabr ayında keçiriləcək prezident seçkilərindən geri çəkildiyini elan etdikdən az müddət sonra Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Baydenin vəzifəsindən istefa verməsini tələb edib.

“Əyri Co prezidentliyə yaramırdı və qətiyyən yaramır – Heç vaxt da olmayıb!” - deyə, Tramp sosial mediada yeni maliyyə vəsaitinin toplanması ilə bağlı verdiyi açıqlamasında bildirib.

Tramp Baydeni "ölkəmizin tarixində indiyə qədərki ən pis prezident" adlandırıb və Bayden "yarışı tam biabırçılıqla tərk edib" deyib.

Nümayəndələr Palatasının spikeri Mayk Conson və Trampa sadiq Respublikaçı qanunvericilər Trampın tələbini dəstəkləyib.

"Əgər Co Bayden prezidentliyə namizəd olmaq üçün yararlı deyilsə, o, prezident vəzifəsini icra etməyə də yararlı deyil. O, dərhal vəzifəsindən istefa verməlidir. Noyabrın 5-nə çox vaxt var," Conson bildirib.

Nümayəndələr Palatasının dördüncü yüksək rütbəli Respublikaçı Konqres üzvü Elis Stefanik "Əgər Co Bayden yenidən seçilmək üçün namizədliyini irəli sürə bilmirsə, o, Birləşmiş Ştatların prezidenti vəzifəsində qala bilməz və o, yararsızdır. O, dərhal istefa verməlidir" - deyə, bildirib.

"Əgər Demokratlar partiyası Co Baydeni yenidən seçilmək üçün yararsız hesab edibsə, o, şübhəsiz ki, nüvə kodlarımıza nəzarət etmək üçün yararsızdır. Bayden dərhal vəzifəsini tərk etməlidir," Nümayəndələr Palatasının digər mötəbər Respublikaçı üzvü Tom Emmer sosial mediada deyib.

Bazar ertəsi səhər saatlarına olan məlumata görə, Demokrat liderlərdən Baydenin istefası ilə bağlı Respublikaçıların çağırışlarına heç bir cavab verilməyib. Lakin onun yarışdan geri çəkilməsinə münasibətdə onlar prezidentin qanunvericilik təcrübəsini və xidmətini vurğulayıb.

Senatdakı çoxluğun lideri Çak Şumer verdiyi açıqlamada "Co Bayden təkcə böyük prezident və böyük qanunvericilik lideri deyil, həm də həqiqətən heyrətamiz bir insandır. Əlbəttə ki, onun qərarı asan deyildi, lakin o, bir daha ölkəsini, partiyasını və gələcəyimizi birinci yerə qoydu" deyib.

Nümayəndələr Palatasının Demokrat lideri Hakim Ceffris verdiyi açıqlamasında Baydeni "Amerika tarixinin ən təcrübəli və nüfuzlu liderlərindən biri" adlandırıb.

Baydeni geri çəkilməyə təşviq edən bir neçə qanunvericidən biri olduğu deyilən, Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi onu "ölkəmizi həmişə birinci yerə qoyan vətənpərvər amerikalı" adlandırıb.

"Onun baxışları, dəyərləri və liderlik irsi onu Amerika tarixinin ən nüfuzlu prezidentlərindən birinə çevirir," Pelosi deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.