İlham Əliyev: “Mən bunu alqışlayıram”
28-05-2015, 12:50
İdarəetmə sahəsində müsbət islahatlar aparılır. Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam - Prezident, yaxud da rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində söyləyib. Dövlətimizin başçısı qeyd edib ki, qanun pozuntularının, sosial ədalətsizliyin qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni mexanizm yarana bilər. “Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir” – deyə Prezident vurğulayıb.