“İsgəndər” qalmaqalı böyüyür - Rusiya kompleksləri işğalçıya bağışlayıb, yoxsa icarəyə verib?
20-09-2016, 09:57
Ermənistanın müharibə xofu, parad zərurəti...; Rəsmilər susur, ekspertlərin fikirləri üst-üstə düşmür; müharibə isə qapıdadır; erməni kəşfiyyatçı: “Azərbaycan oktyabrda yenə hücuma hazırlaşır...”
Ermənistanın öz formal müstəqillik günündə keçirəcəyi hərbi parada ilk dəfə “İsgəndər-M” operativ-taktiki raket komplekslərini nümayiş etdirməyə hazırlaşması barədə yazmışıq. Məsələ ondadır ki, 400 kilometr məsafə qət edən və müxtəlif tipli döyüş başlıqları, hətta nüvə başlıqları ilə təchiz olana biləcək bu yeni raket sistemini Rusiya indiyədək heç bir ölkəyə verməyib, satmayıb. Üstəlik, Ermənistan kimi kasıb ölkənin onu realizə eləməsi mümkünsüz görünür.
Azərbaycanlı hərbi ekspert Üzeyir Cəfərov da “Yeni Müsavat”a açıqlamasında deyib ki, həmin sistemlər Ermənistan silahlı qüvvələrinə aid deyil. “Bu raketlər Rusiyaya məxsusdur və Gümrüdəki hərbi bazadan Ermənistana hərbi paradda nümayiş etdirmək üçün verilib. Ermənistanın, əvvəla, iqtisadi imkanları o səviyyədə deyil ki, ”İsgəndər-M" raketlərini ala bilsin. Hətta Rusiyanın verdiyi 200 milyon dollar kreditlə də o silahların heç cüzi hissəsini almaq mümkün deyil. İkincisi, indiyədək BMT-yə hər ilin sonunda təqdim olunan və açıqlanan heç bir sənəddə Ermənistanın Rusiyadan “İsgəndər-M” və “Smerç” aldığı qeyd olunmayıb.
Onların üzərindəki erməni bayrağı və emblemləri müvəqqəti yapışdırılıb. Paraddan sonra qoparılacaq və raketlər Gümrüdəki hərbi bazaya qaytarılacaq" - ekspert qeyd edib və eyni zamanda narahatlığa ehtiyac olmadığını da deyib: “Bizdə ”İsgəndər-M" kompleksləri olmasa da, ordumuzun silah arsenalı həcminə, keyfiyyətinə və müasirliyinə görə Ermənistanın silah arsenalından dəfələrlə üstün və öndədir. Bizdə ən müasir raket sistemləri, hava hücumundan müdafiə sistemləri var ki, Ermənistan tərəfindən atılan istənilən raketi sıradan çıxarmağa qadirdir".
Bununla belə, hərbi ekspert faktı haqlı olaraq, böyük bir beynəlxalq qanun pozuntusu sayır: “Biz Rusiya qarşısında bu məsələni ciddi şəkildə qaldırmalı və ondan aydınlıq gətirilməsini tələb etməliyik. Azərbaycan dövləti məsələ qoymalıdır ki, torpaqlarımızı işğal etmiş Ermənistana ATƏT-in Minsk Qrupunun həmsədri olan və vasitəçilik missiyasını üzərinə götürmüş Rusiyanın bu cür dəstəyi vasitəçilik missiyası ilə uyğun gəlmir. Bu, həm də işğalçını müharibəyə həvəsləndirməkdir”.
*****
Maraqlıdır ki, hələ ki rəsmi Moskva, Rusiya Müdafiə Nazirliyi “İsgəndər-M” qalmaqalı ilə bağlı hər hansı açıqlama verməyib. Rəsmi Bakı da hələlik susqunluğa üstünlük verir. Ola bilsin, paradın başa çatmasını gözləyir.
Rusiyalı tanınmış hərbi ekspert Aleksandr Xramçixin isə News.am erməni nəşrinə açıqlamasında “İsgəndər-M”-lə bağlı ikibaşlı ifadə işlədib.
Sitat: “Bunun dolayı nəticələri çox güclü olacaq. Bu, çox güclü siyasi gedişdir. İndiyədək ”İsgəndər-M"lər ixrac edilməyib. Bu, siyasi xarakterli nümayişdir".
“Bəs hansı ölkənin - Rusiyanın, yoxsa Ermənistanın hakimiyyəti tərəfindən bu, güclü siyasi gedişdir” sualına ekspert “Hər ikisinin. Rusiya bununla Azərbaycana verdiyi silahları Ermənistana kompensasiya etmiş olub” şəklində cavab verib.
*****
Göründüyü kimi, rusiyalı hərbi analitik həm ölkəsinin “İsgəndər-M” vasitəsilə bölgədə hərbi balansı saxlamaq üçün “güclü siyasi gediş” etdiyini söyləyir, həm də bu silahların Ermənistana verildiyinə eyham vurur. Gerçək isə yəqin ki, az sonra üzə çıxacaq. Ona görə ki, “İsgəndər-M”i “əzələ nümayişi” üçün erməni tərəfinə müvəqqəti icarəyə verib “güclü siyasi gediş” eləmək bir şeydir, kompleksləri Azərbaycana satılan silahların qarşılığında işğalçıya vermək - ayrı. O zaman ən maraqlısı da budur ki, Moskva bu bahalı sistemləri iqtisadi imkanları zəif olan İrəvana bağışlayıb, yoxsa nisyə verib?
*****
Şübhəsiz ki, erməni tərəfinə də belə bir “güclü siyasi gediş” heç vaxt olmadığı qədər lazımdır. Ən azı, ona görə ki, işğalçı ölkə hələ də aprel sindromunun ağır nəticələrini yaşayır. Eyni zamanda Azərbaycanın yeni antiterror əməliyyatının başlayacağından qorxur, ehtiyat edir.
“Sentyabrın sonlarında və ya oktyabrda Azərbaycan ordusunun Qarabağda yeni hücumu mümkündür”. Bu haqda erməni jurnalistlərə Ermənistan ordusunun birinci Qarabağ müharibəsi dövründə kəşfiyyat-diversiya dəstəsinin komandiri olmuş Vova Vardanov deyib (virtualaz.org). Kəşfiyyatçı hesab edir ki, Azərbaycana aprel döyüşlərindən sonra nəticələr çıxarmaq üçün 2-3 ay vaxt lazım olub.
Onun sözlərinə, apreldən sonra erməni qüvvələri təmas xəttində müəyyən işlər görüblər. “Ancaq həmişə ayıq olmaq və yeni hücuma cavab verməyə hazırlaşmaq lazımdır. Praktiki olaraq indi bütün hərbi hissələrdə nəticələr çıxarmağa çalışırlar, son dəyişikliklər bizim rəqibə daha adekvat cavab verməyimizi təmin edir. Ancaq biz lazımi nəticələr çıxarmasaq, yeni hücum cəhdi mümkündür” - Vardanov deyib.
*****
Öz növbəsində azərbaycanlı politoloq Rasim Musabəyov “Vestnik Kavkaza” nəşrinə açıqlamasında Qarabağ ixtilafı ətrafında vəziyyətin ciddiliyinə diqqət yönəldərək, tezliklə danışıqlar prosesində real irəliləyişin olmayacağı təqdirdə müharibənin qaçılmazılığını anons edib. Sitat: “Müharibə qızışsa, Ermənistan Rusiyanın köməyi olmadan məğlubiyyətə məhkum olacaq. Bu, İrəvan üçün satqınlıq anlamına gələcək.
Ancaq Moskvanın Azərbaycanla əməkdaşlığının strateji xarakter daşıması və Kremlə geosiyasi və iqtisadi qazanc gətirməsi səbəbindən, Rusiyanın Ermənistanın xeyrinə müharibəyə müdaxiləsi ona sərfəli deyil. Odur ki, Rusiya böyük müharibənin fitilinin çəkilməməsində maraqlıdır. Məsələ, sadəcə, ondadır ki, bunu necə etməli?”
Politoloqa görə, erməni rəhbərliyini ağla gətirmək üçün Kreml ciddi rıçaqlara malikdir: “Söhbət bu rıçaqlar sayəsində münaqişənin tam həllindən getməsə də, prosesi qabağa aparmaqdan və heç olmasa, erməni işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasına başlamaqdan gedir. Əgər Rusiyanın köməyi ilə formul tapılsa, o halda proses irəli gedəcək. Əks halda, payızda olmasa da, yazda yüz faiz genişmiqyaslı hərbi toqquşmanın olacağını istisna etmirəm”.
*****
Heç şübhəsiz, təcavüzkar müharibənin qaçılmazlığını nəzərə alaraq da, “İsgəndər-M” kompleksləri ilə hərbi parad tamaşası düzənləməyə ehtiyac duyub. Köməyi olacaqmı? Ancaq “İsgəndər-M” qalmaqalı da göstərdi ki, bütün hallarda Azərbaycan öz hərbi parkını və qüdrətini durmadan gücləndirməli, təcavüzkar üzərində əzici hərbi-üstünlüyünü qorumalıdır.
Düşməndən fərqli olaraq, buna bizim iqtisadi və başqa imkanlarımız çatır. Hər halda, Azərbaycan Ermənistandan fərqli olaraq, tək Rusiyadan yox, başqa ölkələrdən də silah-sursat almaq iqtidarındadır və alır da. Üstəlik, elə silahlar ki, onların bəziləri heç Rusiyanın özündə belə istehsal olunmur. musavat.com