Abort hüququnun seçkidə əsas mövzu olduğunu deyən gənc qadınların sayı artmaqdadır
18-10-2024, 12:04
2022-ci ildə ABŞ Ali Məhkəməsi abort məsələsini ştatların öhdəsinə göndərdikdən bəri Demokratlar abort hüquqları fəallarının səfərbər edilməsi, Respublikaçılar isə dini və mənəvi zəmində prosesin məhdudlaşdırılması istiqamətində çalışıblar. Amerikanın Səsinin əməkdaşı Keytrin Gipson Nevada ştatından xəbər verir.
Nevadada seçicilər yalnız Donald Tramp və Kamala Harrisin prezident olması seçimini etmirlər. Onlar həmçinin Altıncı Suala səs verirlər.
Lora Kempbel qapı-qapı gəzir və Altıncı Suala “Hə” cavabı verməyin əhəmiyyətli olduğunu düşündüyünü deyir.
Lora Kempbel, Milli Qadınlar Uğrunda Təşkilat – Nevada: “Əslində aborta əlçatım mənim həyatımı xilas edib. Düşünürəm ki, Ali Məhkəmənin qərarından sonra ştatın bizi qoruması vacibdir.”
Amma abortlara alternativ təqdim edən “İlkin Seçim Hamiləlik Xidmətləri” adlı dini qeyri-hökumət təşkilatının bayram tədbirində Debora Kostello kimi insanlar Altıncı Sualın keçəcəyindən narahatdır.
Debora Kostello, İlkin Seçim Hamilərik Xidmətləri: “Mübarizə yorucu görünə bilər. Bizim ştatda abort sənayesini milyonlarla dollarla dəstəkəyirlər.”
Nevadalılar artıq 1990-cı ildə abortu 24 həftə ərzində qanuni edən səsvermə keçiriblər. Amma Demokratlar narahatdır ki, Tramp ikinci prezidentlik dönəmində bu qanunu ləğv edə bilər. Tramp özü abort məsələsinin ştatların seçiminə buraxılmalı olduğunu deyir. Əgər Altıncı Sual keçsə, mövcud qanun ştat konstitusiyasının bir hissəsi olacaq və beləliklə onu dəyişmək çətinləşəcək.
Lora Kempbel, Milli Qadınlar Uğrunda Təşkilat – Nevada: “Biz abortun qadağan olunduğu 22 ştatda ölüm hallarının şahidi olduq və biz bunun Nevadada baş verməsini istəmirik.”
Cessika Pons Deleon ilk dəfə səs verəcək. O, Kempbelin qapını döyməsindən öncə artıq Altıncı Suala “hə” cavab verməyi və Kamala Harrisə səs verməyi planlaşdırırdı.
Cessika Pons Deleon, Nevada seçicisi: “Mən düşünmürəm ki, hökumət qadının bədəni ilə bağlı məsələdə hansısa söz sahibi olmalıdır. Mən düşünürəm ki, qadın öz bədəninə mütləq nəzarətə malik olmalıdır.”
Nevada bu seçki dövrü abortun qanuni olub-olmaması ilə bağlı seçicilərə seçim verən on ştatdan biridir. Daha öncə bu məsələnin seçki bülleteninə əlavə edilməsi iştirakı artırıb və Demokratların namizədlərinin xeyrinə olub.
Kristeyn Merş zorakı münasibətdə hamilə olmuş braziliyalı miqrantdır. O, uşağı dünyaya gətirmək qərarı verib. Hazırda Nevada Yaşamaq Hüququ təşkilatının idarə heyəti üzvüdür.
Kristeyn Merş, Nevada Yaşamaq Hüququ: “Həyatsız azadlıq yoxdur, digər hüquqlar yoxdur. Sən həyata hörmət etmirsənsə, irqçilik də olacaq, insan alveri də. Özümüzü istifadə edilib, atılanlar kimi hiss edirəm.”
Bu məsələ gənc seçiciləri fəallaşdırsa da, ilk dəfə səs verəcək Emili Kostello düşünür ki, insanların fikrini dəyişmək mümkündür. Deyir ki, heç də hər gənc Demokratlara səs verməyəcək.
Emili Kostello, Nevada seçicisi: “Əgər sən vizual şəkildə bir insan varlığı üçün bunun nə qədər məhvedici olduğunu görsən, sən fikrini həmin an dəyişərsən.”
Bu həftə KFF müstəqil səhiyyə sorğu təşkilatı tərəfindən keçirlən rəy sorğusuna əsasən, Kamala Harris Demokratların namizədi olandan bəri abort hüququnun seçkidə əsas mövzu olduğunu deyən qadınların sayı artmaqdadır.