Gürcü ekspert: “Gürcü Arzusu” qalib gəlməsə, Qafqazda vəziyyət dəyişəcək

21-10-2024, 10:54           
Gürcü ekspert:
Gürcüstanda seçkiöncəsi vəziyyət sabitdir, sakitlik hökm sürür. Siyasi partiyalar sərbəst şəkildə təbliğat aparır, əhali ilə görüşlər keçirirlər. Bu zaman onlar heç bir problemlə qarşılaşmırlar. Lakin təəssüflər olsun ki, radikal müxalifət partiyaları Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı məqsədli şəkildə təzyiq və diskriminasiya kampaniyası aparırlar.

Bu barədə AZƏRTAC-a müsahibəsində gürcü ekspert David Çikelidze bildirib. Onun sözlərinə görə, oktyabrın 11-də MSK işçilərinə “sms” göndərərək onlara vəzifələrindən istefa vermələri üçün təzyiq göstərilməsi yolverilməzdir: “Burada Qərbin də böyük rolu var. Təəssüflər olsun ki, Qərb dövlətlərində Gürcüstanın daxili işlərinə maraq həddindən artıq çoxdur. Həmin dövlətlərin səfirlərinin söylədiklərindən bəlli olur ki, hazırkı Gürcüstan hakimiyyəti onlar üçün qəbuledilməzdir və onlar çalışırlar ki, “Gürcü Arzusu” iqtidar partiyasını nüfuzdan salsınlar. Onlar xaricdən Gürcüstandakı seçkilərə və ölkənin daxili işlərinə kobud müdaxilə ilə buna çalışırlar. Mən ümid edirəm ki, hakimiyyət bu təzyiqlərin öhdəsindən gələcək”.

Siyasi ekspert deyir: “Necə olur ki, Moldovadakı seçkilərə kim müdaxilə etsə, Moldovanın ona layiqli cavab verməyə haqqı var deyirlər. Amma Gürcüstanın işlərinə qarışanlara cavab verəndə bizə təzyiq edilir?! Burada qeyd etmək yerinə düşər ki, əgər “Gürcü Arzusu” bu seçkilərdə qalib gəlməsə, ümumiyyətlə, Qafqazda vəziyyət dəyişəcək, partlayış baş verəcək və bu, bütün region ölkələrinə mənfi təsir edəcək.

Amma ümid edirəm ki, nə olursa-olsun, Gürcüstan ilə Azərbaycan arasında heç nə dəyişməyəcək. Tarix boyu Gürcüstan və Azərbaycanın çox yaxşı əlaqələri olub. “Gürcü Arzusu” hakimiyyətə gəldikdən sonra münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bizim yaxın qonşuluq, dostluq, qardaşlıq əlaqələrimiz biri-birinə uyğun gəlir. Bunu Baş nazir İrakli Qaribaşvilinin və Azərbaycan Prezidenti İlham Əliyevin görüşündən sonra birgə bəyanatları da bir daha təsdiq edir.

Biz Gürcüstanda yaşayırıq və hər kəslə ünsiyyətdə oluruq. Çoxluq istəyir ki, ölkədə sülh olsun. Bu isə o deməkdir ki, çoxluq “Gürcü Arzusu” partiyasının siyasətini dəstəkləyir. Ümid edirəm ki, “Gürcü Arzusu” bu seçkilərdə 55-60 faiz səs toplaya biləcək və parlamentdə konstitusion çoxluğu qazana biləcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.