Putin BRICS çərçivəsində bir sıra dövlətlərin liderləri və BMT Baş katibi ilə görüşəcək
22-10-2024, 10:34
Rusiya Prezidenti Vladimir Putin Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi, Çin Sədri Si Cinpin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Prezidenti Mahmud Abbas və BMT-nin Baş katibi Antoniu Quterrişlə görüşlər keçirmək niyyətindədir.
TASS xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, danışıqlara oktyabrın 22-də Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşlə start veriləcək, ardından Modi, daha sonra isə Cənubi Afrika Prezidenti Siril Ramafosa ilə görüş olacaq. Bundan əlavə, Si Cinpin, eləcə də Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə danışıqların aparılması da planlaşdırılır.
“İkinci gün də bir sıra işgüzar görüşlər olacaq. Dar və geniş tərkibdə keçiriləcək görüşlərdən sonra prezidentimiz İran Prezidenti Məsud Pezeşkian ilə danışıqlar keçirəcək, ardından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüş baş tutacaq, daha sonra isə Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə görüş planlaşdırılır”, - Uşakov bildirib.
Sammitin üçüncü günündə Putin Abbas, Laos Prezidenti Thonqlun Sisulit, Mavritaniya Prezidenti Məhəmməd uld Qəzvani və Boliviya Prezidenti Luis Arse ilə görüşməyi planlaşdırır. Ardından Quterriş və Vyetnamın Baş naziri Fam Min Çin ilə görüş keçiriləcək.
Uşakov əlavə edib ki, Putin özü BRICS sammitinə gələcək bütün dövlət liderləri ilə görüşmək arzusunu ifadə edib.