“Dünya heç on il də belə yaşaya bilməyəcək" - Medvedev Rusiyanın “məqsədlərini” açıqladı
22-10-2024, 10:58
“Rusiyanın başlıca vəzifəsi Avropanın maksimum zəifləməsi və aşağılanmasıdır”
Ukraynadakı işğalçılıq müharibəsi dalana dirəndikcə Rusiya rəhbərliyi bu qanlı savaşa haqq qazandırmaq üçün yeni bəhanələr tapır.
Rusiyanın sabiq prezidenti və hazırkı Təhlükəsizlik Şurası Katibinin müavini Dmitri Medvedev öz “teleqram” kanalında Rusiyanın başlıca vəzifəsinin Qərbi parçalamaq və zəiflətmək olduğunu yazıb: “Təəssüf ki, son 160 ildə heç nə dəyişməyib və vəzifələr dəyişməz olaraq qalır - Qərbin, o cümlədən Avropanın maksimum zəifləməsi və aşağılanması. Bu işdə bizə ABŞ özü kömək edir. Axı onların məqsədi “Köhnə Dünya”ya, eləcə də dünyanın qalan hissəsinə hökmranlıq etməkdir”.
Medvedevin yazdıqlarından belə məlum olur ki, Rusiya rəhbərliyinin əsas dərdi Qərbdən texnologiyadan, elmdən tutmuş iqtisadiyyata qədər bütün sahələrdə geridə qalmış ölkəni inkişaf etdirmək əvəzinə Qərbi parçalamaq və məhv etməkdir.
O, Rusiyanın məqsədinin ABŞ-nin dağılması, ya da SSRİ və Varşava Müqaviləsi ölkələrinin mövcudluğu dövründə olduğu kimi ona “tam hüquqlu əks qütbün yaranması” olduğunu yazıb: "Burada yeni balansın perspektivləri artıq görünür: BRİKS, ŞOS, digər regional birliklər, qlobal Cənub ölkələri ilə əlaqələrin hərtərəfli inkişafı".
Onun fikrincə, belə bir güc balansının alternativi “bəşəriyyətin tamamilə məhv edilməsinə qədər ümumi müharibədir”. Medvedev hesab edir ki, ABŞ-nin əks qütbü olmasa, "dünya heç on il də belə yaşaya bilməyəcək": “Əgər Qərb bu sadə həqiqəti dərk etməsə, hər şey bitəcək”.