"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli ev dustaqlığına buraxılmayıb
29-11-2024, 16:34
Noyabrın 27-də Xətai Rayon Məhkəməsi 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan "Toplum TV"nin təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı müraciətini təmin etməyib. Məhkəmə online formatda keçirilib.
Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli Amerikanın Səsinə onunla telefon danışığından sonra bildirib ki, Ələsgər Məmmədli məhkəmədə deyib ki, səhhətində yaranmış problemləri müalicə ilə ortadan qaldırmaq mümkün deyil.
“Xüsusilə də qalxanabənzər vəzində böyüməkdə olan şişin təcili əməliyyatla götürülməsi vacibdir. Boğulma hissinə görə yuxu rejimi pozulub. Davamlı olaraq qan təzyiqi yüksəlir, kəskin baş ağrılarından əziyyət çəkir. Hətta təcridxanada müayinə olunarkən həkimlər cərrahi əməliyyatın vacibliyini tövsiyə edib. Amma təcridxanada cərrahi əməliyyat oluna bilmərəz”, Nəsimi Məmmədli qeyd edib.
Bundan əlavə o, həbs qətimkan tədbirinin uzadılmasına heç bir əsas olmadığını və ev dustaqlığına buraxılması üçün qanuni əsaslar olduğunu bildirib.
“Onun iki övladı universitetdə təhsil alır. Onların təhsil aldığı müddətdə üzləşdikləri maddi problemlərin həlli bir valideyn kimi Ələsgərin üzərimdədir. Təhsil haqqı, geyim, yemək və digər xərcləri özləri müstəqil əldə edə bilmir. Eyni zamanda onun həbsdə olmağının mənəvi-psixoloji gərginliyi övladlarının effektli təhsil almasına da ciddi problem yaradır”, Məmmədli deyib.
Nəsimi Məmmədli qeyd edib ki, Ələsgər bəy əlavə olaraq bildirib ki, onun ev dustaqlığına buraxılması istintaqın aparılmasına heç bir mane törətmir.
“İstintaqdan yayınmaq və ya ona mane olmaq kimi bir addım atmağı onun şəxsiyyətinə və fəaliyyətimə uyğun deyil”.
Habelə o, çıxışında istintaqın aparılması ilə bağlı da fikirlərini səsləndirib.
“Artıq 9 aydır istintaq aparılır. Çoxsaylı insanlar bu iş üzrə istintaqa cəlb olunub və ifadələri alınıb. İstintaq üçün heç bir qaranlıq nüans qalmayıb. Faktiki olaraq istintaq çoxdan yekunlaşıb. Amma tamamilə əsassız olaraq hələ də həbsdə saxlanılır. O, açıq-aşkar hüquq terroruna məruz qalır. Təəssüf ki, ölkədə bu hüquqsuzluğun durdurulmasına nail ola bilmirik. Ələsgər bəy məhkəmə hakimə bildirib ki, ölkə qanunvericiliyinin tələblərinə görə onun ev dustaqlığına buraxılması üçün bütün qanuni əsaslar var. Tək bir istisna belə yoxdur ki, barəsində fərqlı qərar verilsin. İstintaq tərəfi ənənəvi olaraq şikayətin təmin edilməməsini istəyib. Hakim Ağayev müstəntiqə heç bir sual vermədən, istintaqdan məhkəməyə sübut, dəlil təqdim etməsinin vacibliyini istəmədən şikayəti təmin etməyib.
“Ələsgər Məmmədli bildirib ki, bu qərar tamamilə qanunsuzdur və ədalətsizdir. Hakim nə qanuna, nə normativ sənədlərə, nə də hüquqa məhəl qoyaraq Ələsgər bəyi siyasi sifarişlə həbsdə saxlayıb” , Nəsimi Məmmədli qardaşına isitnadən bunları əlavə edib.
Qərardan apellyasiya şikayəti veriləcək.
Oktyabrın 3-də Xətai Rayon Məhkəməsi Ələsgər Məmmədlinin həbs müddətini daha 3 ay uzadıb.
Martın 6-8-də "Tolum TV" və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Yeddi nəfər barədə həbs qətimkan tədbiri seçilib, iki nəfər isə polisin nəzarətinə verilib.
"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunur.