Avropa Məhkəməsi Azərbaycanla bağlı iki yeni qərarını elan edib

Bu gün, 10:22           
Avropa Məhkəməsi Azərbaycanla bağlı iki yeni qərarını elan edib
Avropa İnsan Hüquqları Məhkəməsi yanvarın 16-da Azərbaycanla bağlı iki yeni qərardadını elan edib.

Məhkəmə Müsavat Partiyasının 2020-ci ildə sərbəst toplaşmaq azadlığının pozulmasına dair verdiyi iki şikayətə mahiyyəti üzrə baxmağa ehtiyac görməyib və hökumətin pozuntuları etiraf etməsi və təzminat təklifi ilə kifayətlənib.

Müxalif siyasi partiya AİHM qarşısında Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) 11-ci madddəsi toplaşmaq və birləşmək azadlığı ilə yanaşı, səmərəli hüquqi müdafiə hüququnun da pozulduğunu iddia edirdi.

Məhkəmə Azərbaycanda oxşar şikayətlərə dair “aydın və geniş” presedent hüququnu müəyyənləşdirdiyini qeyd edərək işə mahiyyəti üzrə baxmayıb.

İşin kommunikasiyası zamanı Azərbaycan hökuməti Məhkəməyə pozuntuları etiraf edən və kompensasiya verməyi təklif edən təktərəfli bəyannamə təqdim edib və işləri baxılacaq işlər siyahısından çıxarılmasını istəyib.

Təktərəfli bəyannaməyə əsasına verilən qərardada əsasən, hökumət Müsavat Partiyasına iki iş üzrə mənəvi zərər və xərclər əvəzi olaraq 3200 avro təzminat ödəməli olacaq.

Strasburq məhkəməsi bu gün elan etdiyi digər bir qərardadı isə mülkiyyət hüququnun pozulmasına dair 11 şikayət ərizəsinin birləşdirildiyi “Cahangirov və başqaları Azərbaycana qarşı” və “Abdullayev və başqaları Azərbaycana qarşı” işləri üzrədir.

Bu işdə tərəflər dostca razılaşma əldə ediblər. Hökumət ərizəçilərin hər birinə dəymiş maddi zərərin qarşılığı olaraq torpaq sahələri verildiyini bildirib və mənəvi zərər əvəzi təklif edib. Qərardada əsasən, hökumət 11 ərizəçinin hər birinə 4 min avro mənəvi zərər əvəzi və məhkəmə xərclərinə görə ümumilikdə 8800 avro ödəyəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.