BMT məruzəçisi: İran hökuməti məhbus vəkil Tahir Nəqvinin vəziyyəti ilə bağlı müraciətimizə cavab vermədi
Bu gün, 15:24
![BMT məruzəçisi: İran hökuməti məhbus vəkil Tahir Nəqvinin vəziyyəti ilə bağlı müraciətimizə cavab vermədi](/uploads/posts/2025-02/1738955924_1.jpg)
Birləşmiş Millətlər Təşkilatının hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Meri Loulor bir ildir Tehranın Evin həbsxanasında saxlanılan vəkil Tahir Nəqəvinin vəziyyəti ilə bağlı İran rəsmilərinə etdiyi müraciətə cavab almadığını bildirib.
Vəkil və türk dil haqları müdafiəçisi Tahiq Nəqəvi keçən il fevralın 6-da İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılandan bəri həbsdədir.
“Tahir Nəqəvinin həbsxanada məruz qaldığı rəftar və xəstəxanada müalicə imkanının məhdud olmasının gətirdiyi narahatlıqlar ilə bağlı hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçi və digər BMT ekspertləri tərəfindən yazılan məktub 2024 noyabrın 26-da İran hökümətinə göndərilib. Məktub bir müddət gizli saxlanılaraq İran hökümətinə cavab vermək üçün vaxt verilib. Təəssüf ki, İran hökuməti bu müddət ərzində cavab verməyib,” fevralın 5-də BMT-nin hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisinin saytında dərc edilib.
Müraciətdə yazılıb ki, “həbsxanada məruz qaldığı rəftar və xəstəxanada müalicə imkanlarının məhdud olması ciddi narahatlıqlara yol açan vəkil və etnik azlıqların hüquqlarının müdafiəçisi cənab Tahir Nəqəvinin məhkum edilməsi və aldığı həbs cəzası ilə bağlı aldığımız məlumatı sizin diqqətinizə çatdırmaq istəyirik.”
BMT ekspertlərinin məktubunda Nəqəvinin 40 gündən artıq saxlanıldığı həbsxananın 209-cu bölməsində məruz qaldığı işgəncə və pis rəftara dair məlumatlara diqqət çəkilib:
“Aldığımız məlumata görə, o saxlanıldığı müddətdə 40 gündən artıq Evin həbsxanasının 209-cu bölməsində qalıb və orada fiziki hücum, cinsi qısnama və təhdidlərə məruz qalıb, eləcə də vəkillə təmin olunmasına icazə verilməyib.”
Məktubda həmçinin yazılıb ki, “Tahir Nəqəvinin aldığı həbs cəzası onun insan haqları vəkili kimi göstərdiyi fəaliyyət və azlıq hüquqlarının dinc müdafiəsi ilə bağlı olduğu görünür.”
Tahir Nəqəvi fevral ayının 5-7-si tarixlərində İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində nəzarət altına alınan 30-a yaxın türk fəallardan biri olub. Onların bir çoxu müvəqqəti azadlığa buraxılıb, ancaq Tahir Nəqəvi daxil olmaqla bəzilərinin həbsi davam edir.
Kərəc şəhərində vəkil olaraq çalışan Nəqəvi eyni zamanda dil hüquqları və digər mədəni və siyasi sahələrdə fəaliyyət göstərib. Onun türk dilində təhsil və türkcəyə İranda rəsmi status verilməsinin zərurəti ilə bağlı yazdığı məqalələr internet səhifələrində dərc edilib.