Kremlin bəyanatları boş və manasız səslənir: - Rusiya Ermənistana qarşı konkret addımlar atmalıdır
15-02-2025, 00:04

Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan parlamentinin ölkənin “Avropa İttifaqına qoşulma prosesinin başlanması”nı təsdiqləməsinə münasibət bildirib. Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə məsələnin siyasi ehtiraslarda deyil, Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin qurulduğu hüquqi-normativ bazaları və tarif sistemlərində olduğunu söyləyib. Onun sözlərinə görə, bu təşkilatların hüquqi normativ bazaları və tarif sistemləri qarşılıqlı istisna xarakteri daşıyırlar. Rusiya XİN sözçüsü söyləyib ki, əlbəttə, söhbət Ermənistanın suveren seçimindən gedir, lakin onların planlaşdırdıqları addımların bütün nəticələrini əhaliyə izah etmək məsuliyyəti Avrasiya İqtisadi İttifaqının deyil, indiki Ermənistan hakimiyyətinin üzərinə düşür. Mənzərəni tamamlamaq üçün bu cür addımların necə bitdiyinə dair yaxın tarixdən nümunələr də vermək lazımdır.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü “Sherg.az”a söyləyib ki, Putin başda olmaqla Rusiya rəsmi şəxsləri Ermənistanın davranışlarına konkret münasibət bildirməlidirlər:
“Hələ ki Rusiya məsələlərə sərt müdaxilə etmir və yaxud da buna imkanları yoxdur. Sadəcə olaraq Rusiya tərəfindən “Ermənistan müəyyən şeyləri etməməlidir” şəklində bəyanatlar eşidirik. Ermənistan isə zaman-zaman Rusiyanın dediklərinin əksinə olaraq həmin şeyləri reallaşdırır. Yəni Avropa İttifaqı və Avropa ilə yaxınlaşır. Hətta fikrimcə, bu məsələlərin arxasında Ermənistanın NATO ilə yaxınlaşması da dayanır. Rusiya konkret addımlar ataraq ya hu hadisələrin qarşısını almalıdır, ya da situasiya ilə barışmalıdır. Digər tərəfdən Kremlin bəyanatları boş və manasız səslənir. Həmçinin Ermənistanın davranışlarında da anlaşılmazlıq var. Məsələn, həm Rusiyanın hegemon olduğu KTMT-də qalır, həm də Avropa İttifaqına üzv olmaqla bağlı addımlar atır, Amerika ilə strateji tərəfdaşlıq haqqında xartiya imzalayır. Yəni Ermənistan hansı cəhbəni seçdiyini elan etməlidir. Hesab edirəm ki, hər iki tərəf mövcud olan qeyri-müəyyənlikləri dəqiqləşdirməlidir. Eyni zamanda Ermənistan və Rusiya publikaya və Qərbə qarşı oyun oynaya bilər. Çünki Ermənistan ticarət sahəsində Rusiya ilə mövqeyi tamamilə fərqlidir”.