İranı nə Pezeşkian, nə də Xamanei idarə edir – Əsas sima odur!

Bu gün, 16:27           
İranı nə Pezeşkian, nə də Xamanei idarə edir – Əsas sima odur!
Siyasətin ikiüzlülüyü – Qətər, yoxsa Rusiya?
Lavrov, yoxsa Məhəmməd Əl Tani?

Siyasətdə nə varsa ikinüsxəlidir.

Birnüsxəli deyil.

İranın Rusiya münasibətləri də ikidosyelidir.

Bu ikiqanadlı siyasət Sergey Lavrovun son Tehran səfəri zamanı da özünü gizlətmədi.

Görüş günü Tehran həm də beynəlxalq TRASEKA nəqliyyat dəhlizinin növbəti – 17-ci Sammitinə ev sahibliyi edirdi.

İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Azərbaycan, Gürcüstan, Qazaxıstan və ən vacibi – Çin bayraqlarının sıx əhatəsindəydi.

Sevincini gizlətmirdi.

TRASEKA-da birillik sədrlik kürsüsü Tehrana keçirdi axı.

Gözlənilməz, yaxud gözlənilən bu xəbər, Sergey Lavrovun sifətini, üz ifadələrini bir az da turşutdu Tehranda.

Rusiya XİN rəhbəri İranın Rusiya ilə münasibətlərini birmənalı, birnüsxəli edə bilmədi.

Moskva-Astara-Rəşt dəmiryolunu, yəni “Cənub-Şimal” nəqliyyat dəhlizini Tehran eyni gündə TRASEKA Çin yolu ilə sığortaladı.

Yəni Zəngəzur yolu ilə.

Sübut etdi – Rusiya ilə o bütün projelərini digərləri ilə sığortalayacaq.

İkinüsxəli olacaq Rusiya-İran münasibətləri.

Lavrovu Tehranda ikinci zərbə də gözləyirdi.

İran XİN rəhbəri Abbas Araqçı bu zərbəni lap axıra, mətbuat konfransına saxlamışdı.

Kameralar, mikrofonlar önündə Araqçı dedi: “Lavrov bizə ABŞ-dan heç bir məktub gətirməyib”.

Sonra İran jurnalistlərinə, mətbuatına ayrıca pıçıldadı: “Qətər də bizə ABŞ-dan heç bir məktub ötürməyib”.

Hə… buna deyərlər, həmşəri, yaxud dəqiq desək, Cavad Zərif söyüşü.

Əslində, Məsud Pezeşkian yox… Cavad Zərifdir İranın əsl güc mərkəzi.

Pezeşkianı Zərif idarə edir.

Rəsmi vəzifəsi də balaca deyil – vitse-prezidentdir. Strateji siyasət marşrutlarına tam nəzarəti o həyata keçirir.

Zəriflə Lavrovun göydəki, yerdəki ulduzları çoxdan barışmır.

Cavad Zərif özünün Sergey Lavrova, Vladimir Putinə qarşı fikirlərini, mövqeyini heç vaxt gizlətməyib.

2021-ci ildə, Zərif hələ İran XİN rəhbəriykən Lavrova qarşı ilk ictimai çıxışını edib. Gizli səsyazılarında Putinlə Lavrovu İrana qarşı ikiüzlü, ikinüsxəli siyasətdə ittiham edib. Deyib: “Mərhum Qasım Süleymani yox, Putin İran nizami ordu birliklərini Suriyaya gətirilməsini tələb edirdi. Lavrov ancaq Süleymani ilə dialoqda idi, rəsmi İran XİN-ini əsla tanımırdı. İranın Suriyaya girməyi ciddi yanlış addımdır. Bizi Putin ora çəkib bataqlığa salacaq. Suriyada bizi məğlub edəcək. Sonra yeni şərtlərini səsləndirəcək”.

2021-ci ildə Zərifin Putinin, Lavrovun ünvanına səsləndirdiyi bu ittihamlar, indi, 2025-ci ildə tam təsdiqlənib.

Zərifin Rusiya ilə, Lavrov, Putinlə qarşıdurması hələ bitməyib.

İndi də daha ciddi şəkildə davam edir.

Cavad Zərif Lavrova öz növbəti zərbəsini bax bu son Tehran görüşləri zamanı vurdu.

Putinin arzuladığı “Cənub-Şimal” nəqliyyat dəhlizini TRASİCA marşrutu ilə sığortaladı.

Bu, bir.

İkinci zərbəyə gəlincə…

Abbas Araqçı, qəfil elan etdi ki, Lavrov İrana ABŞ-dan məktub gətirməyib.

Sonra jurnalistlərə pıçıldadı: “Heç Qətər də ABŞ məktubunu İrana ötürməyib hələ”.

Hələ, necə deyərlər, gətirməyib.

Beləliklə, son İran-Rusiya münasibətləri birnüsxəli deyil.

İkinüsxəlidir.

Çin tərəfindən sığortalanıb.

ABŞ-la əlaqənin hələ bir Qətər qolu, Qətər yolu da mövcuddu İran XİN-i üçün.

Azərbaycanın maraqları isə həm “Cənub-Şimal”, həm TRASEKA nəqliyyat dəhlizlərindədir.

Sonuncu həm də Zəngəzur yolu kimi də deşifrələnir.

S. Tehrandan sonra Lavrov Qətərə tələsib.
Təlaşı anlaşılandır.

İranın, İran XİN-in iki adaxlısı var.

ABŞ məktubu da ikinüsxəlidir.

Həmid Herisçi - globalinfo.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.