Qahirədə Qəzza zolağında atəşkəsin ikinci mərhələsi üzrə danışıqlar davam etdirilir

1-03-2025, 12:44           
Qahirədə Qəzza zolağında atəşkəsin ikinci mərhələsi üzrə danışıqlar davam etdirilir
Misirin dövlət informasiya xidməti bildirir ki, atəşkəsin birinci mərhələsinin başa çatmasına cəmi bir gün qalmış Qahirədə İsrail ilə ABŞ-ın terror təşkilatı kimi tanıdğı HƏMAS arasında atəşkəsin ikinci mərhələsi üzrə danışıqlar başlayıb.

İnformasiya xidməti internet saytında verdiyi açıqlamada İsrail və Qətərdən nümayəndə heyətlərinin cümə axşamı Qahirəyə getdiklərini və “atəşkəs razılaşmasının sonrakı mərhələləri ilə bağlı intensiv müzakirələrə” başladıqlarını bildirib. Qətər, ABŞ və Misirlə birlikdə danışıqlara vasitəçilik edir.

Açıqlamada həmçinin deyilir ki, “vasitəçilər mülki əhalinin əzablarını azaltmaq və regional sabitliyi dəstəkləmək üçün daha geniş səylər çərçivəsində Qəzzaya humanitar yardımın çatdırılmasını artırmağın yollarını da araşdırırlar.”

Danışıqlardan əvvəl İsrailin xarici işlər naziri Gideon Saar Qüdsdə jurnalistlərə bildirib ki, İsrail nümayəndə heyəti atəşkəsin uzadılmasına dair danışıqlar aparmaq üçün ortaq zəminin olub-olmadığını müəyyən edəcək.

Reuters xəbər xidməti iki hökumət rəsmisinə istinadən bildirir ki, İsrail atəşkəsin birinci mərhələsini uzatmağa çalışır. HƏMAS isə bu addımı dəstəkləmir.

Danışıqların ikinci mərhələsində Qəzzada sağ qalan bütün girovların qaytarılması və bütün İsrail qoşunlarının ərazidən çıxarılması da daxil olmaqla, müharibənin dayandırılması üçün danışıqların aparılması nəzərdə tutulur. Ölən girovların geri qaytarılması üçüncü mərhələdə baş tutacaq. İsrail 59 girovun qaldığını bildirib, onlardan 24-nün hələ də sağ olduğu güman edilir.

Razılaşma əldə olunmadan atəşkəsin birinci mərhələsi başa çatarsa, şənbə günündən sonra nə baş verəcəyi bəlli deyil.

BMT-nin Baş katibi Antonio Quterreş cümə günü jurnalistlərə deyib ki, atəşkəs və azadlığa dair razılaşma qüvvədə qalmalıdır.

"Atəşkəs qüvvədə qaldığı hər an daha çox insanın həyatı xilas edilir," Quterreş jurnalistlərə deyib.

O əlavə edib ki, o, gələn çərşənbə axşamı Qəzzanın yenidən qurulmasını müzakirə etmək üçün Ərəb Dövlətləri Liqasının fövqəladə Zirvə toplantısına qatılmaq üçün Qahirəyə gedəcək.

Bu arada isə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisi və ya OCHA, cümə günü həftəlik açıqlamasında İsrail Müdafiə Qüvvələrinin İordan çayının qərb sahilinin şimalında davam edən əməliyyatı nəticəsində Cenin və Tulkərmdə "on minlərlə" insanın məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib.

Hesabatda deyilir ki, humanitar yardım qrupları “getdikcə çətinləşən əməliyyat mühitində” ehtiyacı olan ailələrə yardımı genişləndirmək üçün səfərbər olublar.

OCHA həmçinin bildirib ki, 18-24 fevral tarixlərində İsrail qüvvələri Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilində beş fələstinlini öldürüb, 39 nəfəri yaralayıb.

Agentlik bildirib ki, son bir həftə ərzində israilli mühacirlər tərəfindən İordan çayının qərb sahilində fələstinli icmalara hücumlar nəticəsində ən azı 10 fələstinli yaralanıb, əmlaka geniş ziyan dəyib və ən azı 17 ailə köçkün düşüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.