Musa Bərzin: İran məhkəmə sistemi dil hüquqları ilə bağlı təhlükəsizlik orqanlarının rəyinə əsaslanır

Bu gün, 11:24           
Musa Bərzin: İran məhkəmə sistemi dil hüquqları ilə bağlı təhlükəsizlik orqanlarının rəyinə əsaslanır
Hüquqşünas Musa Bərzin Amerikanın Səsi ilə söhbətində bu yaxınlarda “etnik dillərin ədəbiyyatının tədrisi” layihəsinin İranın İslami Şura Məclisi tərəfindən rədd edilməsi, eləcə də son vaxtlar Azərbaycan bölgəsində türk dil haqları fəallarına qarşı təqib və təzyiqlərin artması haqqında danışıb.

Musa Bərzin müsahibədə “ana dili haqqını qarşılamayan içi boş bir layihənin” belə rədd edilməsinin təəssüf doğurcu olduğunu ifadə edib.

“Kiçik bir layihədir. Layihədə yenə deyilib ki, İranın dili farscadır. Hər şey farsca olmalıdır. Müəllimlər də bunu fars dili ilə tədris etməlidirlər. Sonra deyilib ki, qeyri-fars bölgələrdə 7-ci sinif və 10-cu sinifdə seçməli olaraq dil və ədəbiyyatları həftədə 2 saatlıq tədris olsun. Əgər bu layihənin məzmununa baxsaq, görürük ki, heç bir şəkildə ana dili haqqını ifa etmir. Yəni içi boş bir layihədir. Təəssüf ki, İran məclisi onu belə qəbul etmədi,” hüquqşünas söyləyib.

Keçən günlərdə İran Azərbaycanının müxtəlif şəhərlərində Dünya Ana Dili Günü münasibəti ilə türkcə kitab paylayan bəzi mədəni fəalların saxlanıldığı bildirilib. Həmçinin, Təbrizdə bir məktəbin məsullarının bir ticarət mərkəzində ana dili günü ilə bağlı tədbir keçirilməsi ilə əlaqədar basqılara məruz qaldığına dair xəbərlər yayılıb. Tədbirdə çox sayda məktəb şagirdinin iştirakı ilə türk dilində mahnılar ifa olunmuşdu.
Musa Bərzin dil hüquqları uğrunda fəaliyyət göstərənlərin təqib və təzyiqlərə məruz qalmasının heç bir hüquqi əsasının olmadığını deyib:

“İranda qanun necə yazılıb və əməldə necə icra olunur, həqiqətən çox fərqlidir. İran konstitusiyasında ana dildə tədris az da olsa rəsmiyyətə tanınıb. İranın digər qanunlarında da heç bir yerdə belə bir şey yoxdur ki, birinin ana dili sahəsində fəaliyyət göstərməsi və türkcə kitab çap edib və ya yayması ya onun haqqında danışması, və ya insanların ana dili gününü qeyd etmək üçün bir yerə yığışması və ya məktəblərdə türkcə şeir oxunması suç olsun. Heç bir dinc fəaliyyət İranın heç bir qanununda suç deyil və bu xüsusda heç bir yasaq yoxdur.”
Hüquqşünas qeyri-fars icmaların hüquqları urğrunda fəaliyyətlər mövzusunda məhkəmə sisteminin qanunlara görə deyil, təhlükəsizlik orqanlarının göstərişinə uyğun olaraq hərəkət etdiyini vurğulayıb.

“Problem budur ki, qeyri-fars millətlərin istəkləri çox təəssüflə bir təhlükəsizlik mövzusuna çevirilir. Yəni, o təhlükəsizlik orqanları, Ettelaat, Sepah və digərləri bunu bir təhlükəsizlik məsələsi bilirlər və məhkəmə sistemi də məsələyə onların rəyi əsasında yanaşır. Bunu hakimiyyətə qarşı görürlər,” deyə hüquqşünas əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.