Zelenski Ağ Evdəki davranışına görə üzr istəyəcəkmi? - Özündən AÇIQLAMA
Bu gün, 10:48

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla söhbətindəki sözlərinə və hərəkətlərinə görə üzr istəməyə ehtiyac duymadığını bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Zelenski “Fox News”a müsahibəsində aparıcının birbaşa “üzr istəyəcəksinizmi?” sualına cavabında deyib.
“Mən prezident və Amerika xalqına hörmətlə yanaşıram. Düşünürəm ki, açıq və dürüst olmalıyıq. Bizim pis bir şey etdiyimizi düşünmürəm. Bütün media qurumlarına hörmətlə yanaşıram, lakin bəzi məsələləri onların iştirakı olmadan müzakirə etməliyik”, – dövlət başçısı deyib.
Zelenski ABŞ-nin 40-cı prezidenti Ronald Reyqandan sitat gətirərək əlavə edib ki, sülh təkcə müharibənin olmaması demək deyil.
“Heç kim bizdən çox müharibəni bitirmək istəmir. Mən sadəcə deyirəm ki, Putini dayandırmaq üçün eyni tərəfdə olmalıyıq”, - Ukrayna prezidenti bildirib.
Xatırladaq ki, Vaşinqtonda iki ölkə liderlərinin görüşü qalmaqalla nəticələnib. Ukrayna Prezidenti amerikalı həmkarını Rusiya tərəfi ilə kompromisə getməməyə çağırıb. Buna cavab olaraq Tramp bildirib ki, Ukrayna “çətin vəziyyətdədir” və onun “güclü kartları yoxdur”. Söhbətə ABŞ-nin vitse-prezidenti Cey Di Vens də müdaxilə edərək soruşub: “Siz heç olmasa bir dəfə “sağ ol” dedinizmi?”.
Tramp ukraynalı əsgərlərin inanılmaz şücaət nümayiş etdirdiyini qeyd etsə də, ABŞ-nin döyüşləri dayandırmaq və vəsaitləri “digər məqsədlərə, məsələn, bərpa işlərinə” yönəltmək istədiyini vurğulayıb.
Daha sonra ABŞ Prezidenti “Truth Social” platformasında paylaşım edərək Zelenskinin “sülhə hazır olmadığını” yazıb. Bundan sonra Ukrayna lideri Ağ evi tərk edib.