Azərbaycandan Öcalanın çağırışına REAKSİYA - "Biz nəticəyə baxacağıq"
Bu gün, 15:38

Türkiyədə həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalanın tərəfdarlarına "silahları yerə qoyun" çağırışı müzakirə olunmaqdadır.
"Silahlıları dərhal yerə qoyun. Bu tarixi məsuliyyəti öz üzərimə götürürəm. Sülh cəmiyyətinin inkişaf etməsi lazımdır", - onun müraciətdə deyilir.
Öcalan qeyd edib ki, bütün qruplar tərksilah olunmalı və PKK özünü buraxmalıdır.
Hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Əfqan Ala Türkiyə üçün çağırışın nəticə verib-verməyəcəyinin zaman alacağına diqqət çəkib:
“Çağırışın mahiyyəti silahı yerə qoymaq və terror təşkilatının özünü ləğv etməsidir. Biz nəticəyə baxacağıq”.
Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası ittifaq komitəsinin üzvü Asim Mollazadə Modern.az-a açıqlamasında terrorun həqiqətən bitəcəyinə ümid etdiyini bildirib:
“Ümid edirik ki, bu müraciətə ciddi yanaşılacaq və PKK buraxılacaq, daha terror əməlləri tötədilməyəcək. Buna böyük ehtiyac var. Çünki bu kommunist terrorçu təşkilat vaxtında Sovet İttifaql tərəfindən Türkiyəyə qarşı dəstəklənmişdi. NATO-nun ən güclü ordularından birini zəiflətmək üçün bu addım atılmışdı. Burada hansısa etnik amil sui-istifadə olunurdu. Əslində bu kommunist terroruydu. Buna son qoyulması çox müsbət hal olar. Çünki terroun qurbanı mülki əhali, müəyyən bölgələr idi”.
Deputat deyib ki, Azərbaycan bu müsbət addımlara səmimi olaraq sevinir:
“Çünki Türkiyə bizim qardaş ölkəmizdir. Çox istəyirik ki, Türkiyənin inkişafının qarşısını heç nə almasın”.
Beynəlxalq münasibətlər və parlamentlərarsı ittifaq komitəsinin digər bir üzvü Nəsib Məhəməliyev söyləyib ki, hər kəs bu çağırışa sevinir:
“Biz Türkiyə ilə tək strateji müttəfiqik. 44 günlük müharibədə, ondan sonrakı proseslərdə də yanımızd olublar. Beynəlxalq müstəvidə Türkiyənin dəstəyini hiss edirik. Ondan sonra tarixi Şuşa bəyannaməsi imzalandı. Şuşa bəyannaməsinin bəndlərindən biri də odur ki, regional məsələlərələ, xarici siyasətlə bağlı mənafelər uzlaşdırlır, eyni mövqedən çıxış edirik. Bu baxımdan təbii ki, Türkiyənin daxilində sabitliyin olmasını daim arzulayırıq. Arzu edirik ki, 40 ilə yaxın müddətdə Türkiyə dövlətini parçalamağa cəhd edən, ona milyardlarla maddi ziyan vuran və 40 mindən yuxarı şəxsin ölümünə səbəb olan terror təşkilatı ləğv olunsun. Bu, hər bir azərbaycanlının ürəyindən keçən haldır. Olduqca xoş haldır ki, son illər Türkiyə rəhbərliyinin apardığı siyasət nəticəsində radikal gedişlər edildi, PKK-nin qurucusu və lideri Abdullah Öcalanla danışıqlar aparıldı və onun PKK və digər terror təşkilatlarına müraciəti elan olundu. Bu, bizim hər birimizi sevindirir. İstənilən normal insan sülhə istiqamətlənən belə addımları alqışlayır. O cümlədən Azərbyacan xalqı bütövlükdə Türkiyənin yanındadır. Türkiyəyə öz dəstəyimizi əsirgəmərik”.
Deputat kürdlərin terror təşkilatlarının bu çağırışı qəbul edəcəyinə inandığını deyib:
“Təbii ki, Türkiyə daxilində, eyni zamanda Türkiyədənkənar - İraqın, Suriyanın şimalında dağlarda gizlənmiş, artıq öz bazasını qurmuş böyük silahlı dəstələr qardaş ölkənin təhlükəsizliyinə təhdid yaradıblar. O silahlı terrorçu qruplaşması Türkiyənin inkişafını istəməyən böyük, qlobal gücklərin əlində proksi qüvvələr kimi istifadə olunurdu. Həm ABŞ-dan, həm Rusiyadan, həm də İran tərəfindən həmin terror qrupları dəstəklənir. Çox sevinirəm ki, artıq Türkiyənin daxilində terrorçuluğa son qoyulur. Hesab edirəm ki, Abdullah Öcalanın çağırışı həmin terror təşkilatsının əksəriyyəti tərəfindən yerinə yetiriləcək. Kimlər ki, silahı yerə qoymasa, Türk Ordusu tərəfindən məhv ediləcək. Ən əsası odur ki, terror təşkilatının qurucusu belə bir müraciət yayıb. Bunun gələcəkdə müsbət nəticələrini görəcəyik”.