Bu maddə böyük dövlətləri qarşı-qarşıya qoyub
Bu gün, 09:48

ABŞ-la Çin arasında rüsum müharibəsi fentanil maddəsinə görə başlayıb. Vaşinqton hesab edir ki, Çində hazırlanan və qaçaqmalçılıq yoluyla ABŞ-a daşınan fentanil maddəsi güclü və sintetik ağrı kəsici kimyəvi preparat olaraq vətəndaşların bu dərmandan asılılığını artırır. Fentanil narkotikin yaradılmasında istifadə edilən xammal sayılır. ABŞ hökuməti Çini Meksika narkokartellərinin fentanil istehsalında istifadə etdiyi prekursor kimyəvi maddələrin əsas mənbəyi kimi müəyyən edib. Pekin sənaye və qeyri-qanuni narkotik ticarəti ilə mübarizə aparmaq üçün addımlar atdığını bildirib.
Vaşinqtonla Pekin arasında Bayden administrasiyası dönəmində də bu mövzuda müzakirələr gedirdi. Keçmiş dövlət katibi Entoni Blinken iki il əvvəl Çinə səfəri zamanı Pekinlə fentanil maddələrin Çindən ABŞ-a ixracı ilə bağlı məsələni həll etmək üçün işçi qrupun yaradılması barədə razılığa gəlmişdi. ABŞ-da hakimiyyət dəyişikliyindən sonra bu məsələnin üstünə Ağ Evin yeni sahibi Donald Tramp düşdü. Tramp administrasiyası fentanilin ABŞ-a daşınmasına görə Çindən gələn mallara əlavə idxal rüsumları tətbiq etməyə qərar verdi. “Çinə gəldikdə, onlar ölkəmizə fentanil göndərirlər. Və biz buna görə yüz minlərlə insanı öldürürük” deyən Tramp Çinin buna görə əlavə rüsumlar ödəməli olacağını vurğulamışdı. Ağ Ev sahibinin fikrincə, Çində istehsal olunan fentanil maddəsi Meksika və Kanada üzərindən ABŞ-a keçirilir. Trampın bu iddialarından sonra Kanada və Meksika ABŞ-la sərhəd keçid məntəqələrinə nəzarəti artırdı. Ancaq bu onları Trampın rüsumları artırmaq qərarından xilas etmədi.
Dövlət katibi Marko Rubio Donald Trampla eyni fikirdədir. Rubio “Fox News” kanalına müsahibəsində fentanil maddəsinin ABŞ-a gizli yollarla daşınmasını nəzərdə Çinə qarşı yalnız rüsumların artırılması ilə kifayətlənməyəcəklərini bildirib. Ötən ayın əvvəlindən ABŞ-ın Çin mallarına qarşı yeni tarifləri qüvvəyə minib. Çin Vaşinqtonun bu addımını cavabsız qoymayaraq öz növbəsində ABŞ idxalına qarşı tarifləri elan edib. Pekin, ABŞ-ın kömür və mayeləşdirilmiş təbii qazına 15%, xam neft, kənd təsərrüfatı texnikası və bəzi avtomobillərə isə 10% tarif tətbiq edəcəyini açıqlayıb. Tramp Çin lideri Si Cinpini “dostum” adlandırsa da, liderlər telefonla danışsalar da, iki ölkə arasındakı münasibətlər gərginləşməkdə davam edir. Bunun səbəbi tək fentanil maddəsi deyil...
“Atlas” Araşdırmalar Mərkəzi
TEREF