Pezeşkian və ali dini lider Əli Xamenei razılığa gəlmir...
Bu gün, 11:28

İran prezidenti Məsud Pezeşkian parlamentdə son çıxışı zamanı deyib ki, nüvə sazişi ilə bağlı ABŞ-la dialoqu bərpa etmək niyyətində olub, ancaq ali dini lider Əli Xamenei buna qarşı çıxıb. “Düşündüm ki, dialoqa girmək daha yaxşıdır, amma ali rəhbər dedi ki, biz ABŞ-la danışmayacağıq” deyən Prezident ölkə hakimiyyətinin siyasətinin ali rəhbərin mövqeyi ilə uyğun olması vacibliyini bildirib. Həqiqətən İran Prezidenti Vaşiqntonla danışıqları istisna etmədiyini söylədikdən sonra ali dini lideri faktiki dövlət başçısının ağzının üstündən vuraraq “Vaşinqtonla danışıqlar ağılsızlıqdır” demişdi. Xalqın seçdiyi Prezident bir qrup mollanın təyin etdiyi şəxsin sözü ilə geri addım atacaqsa, görəsən vəd verdiyi islahatları necə həyata keçirəcək? Bir gün də ali dini lider əmr verəcək ki, yenidən “Hizbullah” və “Həmas” kimi qruplaşmalara pul və silah göndərmək lazımdır və buna yenidən milyardlar xərclənəcək. Bu halda da Prezident etiraz edə bilməyəcək və sosial problemlərin həllinə xərclənməli olan maliyyə vəsaitləri yenə kənara gedəcək. Və ya Məsud Pezeşkian deyib ki, İran qonşu ölkələrlə iqtisadi və ticarət əlaqələrini genişləndirməklə ağır iqtisadi vəziyyətdən çıxacaq. O bir tərəfdən də İran silahlı qüvvələrinin komandanı Baqeri ABŞ və İsrailin bölgədəki tərəfdaşlarını hədələyib.
Elxan Şahinoğlu
TEREF