Moskvada atəşkəsə maraq göstərilmir
Bu gün, 12:14

Böyük Britaniya və Fransa Ukraynada məhdud atəşkəs elan olunmasını, bunun mümkün sülh razılaşmasına ilk addım olmasını təklif ediblər. Lakin görünən odur ki, Moskva üçün bu, heç bir əhəmiyyət daşımır.
Avropa Ukraynaya qarşı aparılan müharibənin sona çatdırılmasında müsbət rol oynaya bilərmi? Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bu suala belə cavab verib: “Hazırda prosesə hər cür konstruktiv dəstək və hər bir konstruktiv təşəbbüs vacibdir.”
Onun fikrincə, əsas məsələ Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyini dəyişməyə məcbur edilməsidir: “O, sülh istəmir. Kimsə onu sülhə razı salmalıdır.” Peskov əlavə edib ki, əgər avropalılar bunu bacarsalar, “onlara tərif və hörmət düşər.”
Lakin Rusiya rəsmisinin sözlərində atəşkəs barədə heç bir qeyd yoxdur. Ümumiyyətlə, Böyük Britaniyanın Baş naziri Keir Starmer və Fransa Prezidenti Emmanuel Makron Ukraynada bir aylıq atəşkəs təklif edirlərsə, görünən odur ki, onlar bu planı Rusiya lideri ilə razılaşdırmadan irəli sürüblər.
Rusiya Prezidenti Vladimir Putin isə artıq dəfələrlə atəşkəslə maraqlanmadığını bildirib. Məsələn, dekabr ayında keçirdiyi illik mətbuat konfransında o demişdi: “Bizə atəşkəs lazım deyil. Bizə uzunmüddətli və dayanıqlı sülh lazımdır ki, bu da Rusiya Federasiyası və onun vətəndaşları üçün təhlükəsizlik təminatlarını özündə ehtiva etməlidir.”
Moskva Ukraynanın hərbisizləşdirilməsini istəyir
Rusiya hakimiyyətinin əsas tələbləri bunlardır:
• Ukrayna rəsmi olaraq NATO-ya üzv olmayacağını bəyan etməlidir.
• Ukrayna neytral, bloka qoşulmayan və nüvəsiz ölkə statusu almalıdır.
• Ukrayna “hərbisizləşdirilməli” və “denasifikasiyadan” keçirilməlidir.
• Ukrayna silahlı qüvvələrini Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrindən tamamilə çıxarmalıdır.
Putin bu dörd bölgəni Krım kimi Rusiya ərazisi hesab edir və bunu hətta Rusiya Konstitusiyasına da daxil edib. Burada təkcə hazırda Rusiyanın nəzarət etdiyi ərazilər deyil, həm də hələ işğal edilməmiş və ya geri qaytarılmış ərazilər nəzərdə tutulur. Rusiya üçün bu məqsədlərə çatmaq üçün atəşkəsə ehtiyac yoxdur.
Putin “fasilə” vermək niyyətində deyil
Putin bu mövqeyini yanvarın sonunda, Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə bir daha vurğulamışdı:
“Məqsədimiz qısamüddətli atəşkəs və ya hansısa bir fasilə deyil ki, bundan sonra yenidən qüvvələrin yenidən qruplaşdırılması və silahlanması üçün istifadə olunsun və münaqişə davam etdirilsin. Məqsədimiz bu bölgədə yaşayan bütün insan və xalqların maraqlarına hörmət üzərində qurulan uzunmüddətli sülhdür.”
Lakin görünən odur ki, Putinin “bölgədə yaşayan bütün insanların maraqları” dedikləri Ukraynanın çoxsaylı vətəndaşlarının maraqlarını nəzərə almır.
Sarvan Səmədoğlu
TEREF