Vens yenə Avropa liderlərini hədəf aldı – “Zelenskiyə deyirlər döyüş, kimin pulu ilə?...”
Bu gün, 08:17

“Zelenski Avropaya gəlir, bir çox avropalı tərəfdaşlarımız onu hər cəhətdən dəstəkləyir. Ona deyirlər ki, “sən azadlıq döyüşçüsüsən, mübarizəni davam etdirməlisən”. Ancaq əbədi mübarizəni nə ilə aparmalıdır? Kimin pulu ilə, kimin döyüş sursatı və kimin hesabına?”
“AzPolitika” xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti J.D.Vens “Fox” telekanalına müsahibəsində deyib.
“Zelenski müharibənin çox uzun sürəcəyini deyib. Onun bu müharibəni maliyyələşdirmək üçün pulu haradan alacağını bilmirəm. Avropanın müharibəni Bayden və Harrislə eyni səviyyədə maliyyələşdirəcəyinə şübhə edirəm”, - o, əlavə edib.
Vensin sözlərinə görə, avropalı dostları ukraynalılara qarşı son dərəcə yanlış hərəkət edirlər: “Bu ölkələrin əhalisi deyir ki, onlar bu müharibəni sonsuza qədər maliyyələşdirməyə hazırlaşmırlar. Amerikalılar da müharibəni sonsuza qədər maliyyələşdirmək istəmədiklərini bildirirlər. Ona görə də Amerika, Rusiya, Ukrayna və Avropanın maraqlarına cavab verən yeganə məsələ bu münaqişəyə son qoymaqdır”.
Vitse-prezident iddia edib ki, Prezident Tramp daha realist mövqe tutur: “Bu, əbədi olaraq davam edə bilməz. Biz bunu həmişəlik maliyyələşdirə bilmərik. Ukraynalılar əbədi döyüşə bilməz. Gəlin vəziyyəti sülh yolu ilə həll edək”.