TRAMP BUNU DA ETDİ... – Qalır yalnız ABŞ-nin Rusiyaya hərbi yardım göstərməsi!

Dünən, 12:24           
TRAMP BUNU DA ETDİ... – Qalır yalnız ABŞ-nin Rusiyaya hərbi yardım göstərməsi!
24 saata Ukrayna müharibəsini bitirəcəyinə söz verən ABŞ Prezidenti Donald Tramp nəinki vədinin üstündə dura bilmədiyini, həm də bu işğalçılıq müharibəsini başlayan Kremlin qarşısında acizliyini nümayiş etdirməkdədir. Seçki vaxtı Tramp və onun komandasının “güc yolu ilə sülhə nail olmaq” tezisi isə belə görünür ki, işğalçı dövlətə deyil, işğala məruz qalan Ukraynaya yönəlibmiş...

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Donald Tramp Ukraynaya bütün hərbi yardımların dayandırılması barədə göstəriş verib. Doğrudur, bu xəbər hələlik Ağ Ev tərəfindən rəsmən elan olunmayıb, lakin onun yaxın zamanda bəyan ediləcəyi gözlənilir. Nəzərə alsaq ki, Trampın bu gün Konqress qarşısında çıxışı olacaq, o zaman həmin bəyanatın bu gün veriləcəyi ehtimalı da yüksəkdir.

ABŞ-nin əksər nüfuzlu media orqanları öz mənbələrinə istinadla yazır ki, Tramp “Ukrayna rəhbərliyi sülhə sadiqliyini” nümayiş etdirənə qədər” Rusiya işğalına qarşı müharibədə Ukraynaya hərbi yardımın dondurulmasını əmr edib.

Adı çəkilməyən Ağ Ev rəsmisinin adından yayılan məlumatda deyilir: “Prezident Tramp sülhə sadiq olduğunu açıq şəkildə bildirdi. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasına ehtiyac duyuruq. Biz yardımımızı dayandırırıq və onun bir dəyişiklik yaratmasını təmin etmək üçün nəzərdən keçiririk".

Trampın özü hələlik bu qərarı şərh etməyib, Ağ Evdən də rəsmi məlumat yayımlanmayıb. Lakin trampçılara yaxın “Fox News” kanalı bu məlumatları təsdiqləyib və ABŞ administrasiyasının nümayəndəsinə istinadla bildirib ki, "bu, yardımın birdəfəlik dayandırılması deyil, ona fasilə verilməsidir".

Xatırladaq ki, bu cür “fasilə” 2023-cü ildə 6 aya yaxın davam etdi və Ukrayna üçün uğursuz əks-hücum, böyük sayda insan və ərazi itkisi, eləcə də Rusiyanın döyüş meydanında yenidən fiziki və psixoloji üstünlüyünə gətirib çıxardı.

“Bloomberg”-in məlumatına görə, hərbi yardımın dayandırılması qərarı artıq yolda olan, hələ Ukraynaya çatdırılmamış bütün Amerika hərbi texnikasına, o cümlədən Polşa ərazisindən keçməkdə olan və ya tranziti gözləyən silahlara da aid olacaq.

“Wall Street Journal” isə dünən axşam ABŞ-nin hazırkı və keçmiş rəsmilərinə istinadla xəbər verib ki, Donald Tramp administrasiyası Ukraynaya yeni silah tədarükünü maliyyələşdirməyi dayandırıb. Həmçinin ABŞ-nin anbarlarında olan və tədarükü gölənilən silahların verilməməsini nəzərdən keçirir. Bütün bunlar isə Kiyevin rus qoşunlarının irəliləyişinə qarşı çıxmaq imkanını böyük təhlükə altına alır.

Qeyd edək ki, Ukraynaya böyük silah təchizatı xəttini bağlamaq üçün atılan addımlar Oval kabinetdə Tramp, Vens və Zelenski arasında baş verən qarşıdurmadan cəmi bir neçə gün sonra başlayıb. Bu isə bir daha Zelenskinin təxribata çəkildiyi qalmaqalın əvvəlcədən Tramp və ətrafı tərəfindən düşünülməsindən və bütün bunların Ukraynaya qarşı xəyanət, satqınlıq, alçaqlıq üçün hesablanmasından xəbər verir.

Hamının gözü qarşısında “biz sülh istəyirik, amma zəmanət də istəyirik” deyən Zelenskidən fərqli olaraq, Putin başda olmaqla, bütün Rusiya rəhbərliyi “xüsusi hərbi əməliyyat”ın məqsədlərinə nail olunana qədər döyüşlərin davam edəcəyini bəyan etdiyi halda, Tramp Rusiyaya deyil, müdafiə olunan Ukraynaya qarşıdır, onu əzməyə, təslim olmağa çalışır.

Beləliklə də Tramp Putinin bütün istəklərini yerinə yetirməkdə, Rusiyanın işğalı üçün hər cür şərait yaratmaqdadır. Qalır yalnız Rusiyaya hərbi yardım paketləri elan etmək. Sabah Tramp administrasiyası bu cür təşəbbüslə çıxış etsə, buna heç kim təəccüblənməyəcək. Onu da xatırladaq ki, artıq Trampın oğlu ABŞ-nin müharibənin əvvəlindən Ukraynaya deyil, Rusiyaya yardım etməli olduğunu deyib. Bir gün atası yəqin ki, oğlunun bu “arzusunu” da yerinə yetirəcək ...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.