“Abzas Media” jurnalistləri növbəti dəfə məhkəmədə iştirakdan imtina ediblər

Dünən, 12:18           
“Abzas Media” jurnalistləri növbəti dəfə məhkəmədə iştirakdan imtina ediblər
“Abzas Media”nın həbsdə olan əməkdaşları Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova martın 4-ə təyin olunan məhkəmə prosesində iştirakdan imtina ediblər. Məhkəmə baş tutmayıb.

“Abzas Media”nın direktoru Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, təqsirləndirilənlər məhkəməyə eyni vaxtda və eyni nəqliyyat vasitəsilə gətirilmələrini tələb edirlər. Onların bu istəyi isə yerinə yetirilmir.

“Hərəsini fərqli vaxtda – birini səhər, birini günorta gətirirlər. Onlar həmkardırlar, bir-birinə xəsarət yetirəsi deyillər. Ona görə də məhkəməyə fərqli vaxtlarda gətirilmələrinin və ayrı-ayrı saxlanılmalarının əsası yoxdur. Bununla bağlı Penitensiar Xidmətə müraciət etsəm də, hələ də cavab almamışam”, o deyib.

Jurnalistlər həmçinin saxlandıqları 1 saylı Bakı İstintaq Təcridxanasında məruz qaldıqları fiziki və psixoloji zorakılıq hallarının hələ də araşdırılmasını tələb edirlər. Sadıqova bildirib ki, bununla da bağlı hər hansı araşdırma aparılması haqda heç bir bildiriş verilməyib. “Abzas”çılar bundan əvvəlki iki məhkəmə prosesində də məhz üzləşdikləri zorakılıq hallarının araşdırılmaması səbəbilə iştirak etməkdən imtina etmişdilər.

Jurnalistlərin məhkəmə prosesi başlamazdan əvvəl yaydıqları bəyanatda qeyd edilirdi ki, onlara qarşı zorakılıq göstərən təcridxana işçiləri hələ də cəzalandırılmayıblar.

“Bu, o deməkdir ki, bizə qarşı belə davranışın göstərilməsini hökumət sifariş edir. Səbəb də təcridxanada baş verən qanunsuzluqları ictimailəşdirməyimizdir. Biz heç bir halda qanunsuzluqlara göz yummayacağıq” – deyə, bəyanatda bildirilib.

“Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli 2023-cü ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

2024-cü ilin mayın 30-da isə “Abzas Media”işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və “Abzas Media” ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. 2024-cü ilin avqust ayında isə “Abzas Media” üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir. Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Sərhədsiz Reportyorlar təşkilatı jurnalistlərə qarşı pis rəftarı qınayıb və onların azad edilməsinə dair çağırışını yeniləyib. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O’Flaherti də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların həbsi ilə bağlı narahatlıq ifadə edib, onların azad edilməsinə çağırıb.

Rəsmi Bakı isə jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini bəyan edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.