Senat Linda MakMahonu təhsil naziri vəzifəsinə təsdiq edib
Dünən, 17:24

Senat bazar ertəsi səsvermə keçirərək World Wrestling Entertainment şirkətinin keçmiş icraçısı olan Linda MakMahonu ölkənin təhsil naziri vəzifəsinə təsdiq edib. Bununla da o, Prezident Donald Trampın ləğv etməyi vəd etdiyi departamentin başına keçir.
MakMahon Tramp gündəliyinə nail olmaq üçün səyləri gücləndirməklə yanaşı, Təhsil Departamentini tədricən ləğv etmək kimi vəzifələrlə üzləşəcək. Respublikaçı prezident artıq Ameirka məktəblərində müxtəliflik proqramlarını və transgender tələbələr üçün təşəbbüsləri ləğv etmək üçün sərəncamlar imzalayıb.
Eyni zamanda isə Tramp departamenti bağlamağa söz verib və MakMahondan “özünü işsiz qoymasını” istədiyini deyib.
Senat 51-45 səs fərqi ilə MakMahonu təsdiq edib.
Milyarder və World Wrestling Entertainment şirkətinin keçmiş baş icraçı direktoru olan 76 yaşlı MakMahon bu vəzifə üçün qeyri-ənənəvi bir seçimdir. O, bir il Konnektikut ştatının təhsil şurasında xidmət göstərib və uzun müddətdir Sacred Heart (Müqəddəs Ürək) Universitetinin qəyyumudur, amma bundan başqa onun ənənəvi təhsil sahəsində liderlik təcrübəsi yoxdur.
MakMahonun tərəfdarları onu departamentdə islahatlar edəcək təcrübəli icraçı kimi görürlər. Respublikaçılar bu departamentin Amerikada təhsili yaxşılaşdıra bilmədiyini deyir. Tənqidçiləri isə onun kvalifikasiyalarının az olduğunu deyir və onun tətbiq edəcəyi büdcə kəsirlərinin ölkə boyu tələbələrə təsirlərinin olacağını deyir.
"Amerikalılar dövlət təhsilinə inanırlar," Senatda azlıqların lideri Çak Şumer təsdiq səsverməsindən əvvəl deyib. "Onlar Təhsil Departamentinin ləğv edildiyini görmək istəmirlər. Əgər Tramp administrasiyası təhsildə kəsirləri həyata keçirsə, məktəblər milyardlarla dollar maliyyə vəsaitini itirəcək."
MakMahon nominasiyasının təsdiqlənməsinə dair dinləmədə özünü Trampın qızğın ritorikasından uzaqlaşdırıb. Onun sözlərinə görə, məqsəd proqramların maliyyələşdirilməsini dayandırmaq deyil, Təhsil Departamentinin "daha səmərəli işləməsini" təmin etməkdir.