ABŞ hərbi yardımı dayandırdı. Bu, Ukrayna üçün nə deməkdir?
Dünən, 09:47

Mənbə: BBC
Prezident Donald Trump-ın ABŞ-ın Ukraynaya bütün yardımını dayandırmaq qərarı təkcə Kiyevə yox, həm də Washington administrasiyasının dəstəyini davam etdirməsi üçün lobbiçilik edən Avropa müttəfiqlərinə acı bir zərbədir.
İlk dəfə deyil ki, ABŞ hərbi yardımı dayandırır. Respublikaçılar 2023-cü ilin yayında o vaxtkı Prezident Joe Biden-in Ukraynaya ayırdığı ən böyük hərbi yardım tranşının qarşısını almışdı. Onda Ukrayna Avropanın köməyi ilə mövcud silah-sursat ehtiyatından istifadə etmişdi.
Konqres, nəhayət, 2024-cü ilin yazında 60 milyard funt sterlinqlik yardım paketini təsdiqlədi. Bu, tam yerinə düşdü: həmin vaxt Ukrayna Rusiyanın Xarkova yeni hücumunu dəf edirdi.
Gecikmiş ABŞ silahlarının gəlməsi vəziyyətin dəyişməsinə kömək etdi.
2024-cü ildə olduğu kimi, ABŞ yardımının kəsilməsinin təsirinin, ən azı döyüş sursatı və texnika baxımından hiss olunması aylar çəkə bilər.
Avropa ölkələri yavaş-yavaş artilleriya mərmilərinin istehsalını artırıblar. Ümumilikdə, Avropa hazırda Ukraynaya yardımın 60 faizini verir - ABŞ-dan çox.
Bununla belə, ABŞ-ın hərbi dəstəyi Ukrayna üçün hələ də həyati əhəmiyyət kəsb edir. Bu yaxınlarda bir Qərb rəsmisi bunu silah baxımından "qaymaq" kimi təsvir edib.
Ukraynanın öz əhalisini və şəhərlərini qorumaq qabiliyyəti, əsasən, ABŞ-ın "Patriot" və onun Norveçlə birgə hazırladığı NASAMS kimi hava hücumundan müdafiə sistemlərinə əsaslanır.
ABŞ Ukraynaya HIMARS və ATACM raketləri ilə uzun mənzilli zərbələr endirmək imkanı verib.
ABŞ onların Rusiya daxilində istifadəsini məhdudlaşdırıb, lakin onlar hələ də işğal olunmuş ərazilər daxilində yüksək dəyərli hədəfləri vurmaq üçün həyati əhəmiyyət daşıyır.
Bu, təkcə keyfiyyət deyil, həm də kəmiyyətdir. Dünyanın ən güclü ordusu olaraq ABŞ yüzlərlə - daha kiçik Avropa ordularının heç vaxt müqayisə edə bilməyəcəyi sayda, - Humvee və zirehli texnika göndərə bilib.
Bu yardımın bir hissəsinin olmaması cəbhə xəttindəkilərin məlumatlandırılması baxımından vaxt tələb edə bilər. Ancaq bunun kəşfiyyat məlumatlarının mübadiləsi baxımından daha narahatedici təsiri ola bilər.
Heç bir ölkə kosmosda müşahidə, kəşfiyyat məlumatlarının toplanması və kommunikasiyalar baxımından ABŞ-a tay ola bilməz. Üstəlik, bunu təmin edən təkcə ABŞ ordusu yox, həm də kommersiya şirkətləridir.
Elon Musk-ın Starlink peyk rabitə şəbəkəsini götürək. Cəbhədə getdiyim hər bir Ukrayna mövqeyində Starlink "tarelka"sı var.
Onlar döyüş meydanında ən son məlumatları ötürmək üçün istifadə olunur. Onlar artilleriya və dron zərbələrini əlaqələndirmək üçün əhəmiyyətlidir.
Keçmişdə Pentaqon bu həyat xəttini maliyyələşdirdiyini etiraf edib. Elon Musk-ın ABŞ administrasiyasında əsas fiqur olduğunu nəzərə alsaq, onun indi bu hesabı ödəyəcəyi ehtimalı o qədər də yüksək deyil. O, həm də Ukrayna Prezidenti Volodimir Zelenskinin sərt tənqidçisidir.
ABŞ Avropa ölkələrinin ABŞ istehsalı olan avadanlıqlarını Ukraynaya göndərməsinə mane olacaqmı? Avropa ABŞ istehsalı olan F-16 təyyarələrini Ukraynaya vermək istəyəndə əvvəlcə Vaşinqtonun razılığını almalı idi.
Bəs ABŞ-dan gətirilən avadanlığın saxlanması haqqında nə demək olar? Axı, ABŞ həm də Ukrayna qüvvələrinə təlim keçir və sonra onlara təchiz etdiyi avadanlıqların saxlanmasına kömək edir.
Biden səlahiyyət müddətinin bitməsinə yaxın, Ukraynada çalışan amerikalı podratçılara qoyulan məhdudiyyəti aradan qaldırıb. Xüsusilə, F-16 təyyalərinin işlək olması üçün mühəndislərə və ehtiyat hissələrinə ehtiyac var.
Trampın yardımı dayandırmaq qərarı Ukraynada və onun hüdudlarından kənarda bir çoxları üçün qəzəbli görünə bilər. Amma burda həm də onları tezliklə danışıqlar masasına oturtmağa məcbur etməyə yönəlik açıq siyasi məqsəd var.
Avropalı müttəfiqlər ümid edirlər ki, bu, sadəcə, bir fasilədir. ABŞ-ın dəstəyi olmasa, Ukraynanın sağ qalma mübarizəsi daha da çətinləşəcək.