ABŞ İranın neft tankerlərini ələ keçirmək planını hazırlayır - “Reuters”
7-03-2025, 08:38

Tramp administrasiyası İranın neft ixracını “sıfırlamaq” məqsədi ilə dənizdə İran tankerlərini dayandırmağı və yoxlamağı planlaşdırır.
Bizimyol.info xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentliyə verilən məlumata görə, Ağ Ev ABŞ-ın müttəfiq ölkələrinə Cənub-Şərqi Asiyada yerləşən Malakka boğazı da daxil olmaqla strateji əhəmiyyətli dəniz yollarından keçən İran gəmilərini ələ keçirməyə imkan verəcək mexanizmlər axtarır. ABŞ Milli Təhlükəsizlik Şurası da dənizdə yoxlamaların aparılması imkanlarını araşdırır.
Açıqlama verən ekspertlərin fikrincə, ABŞ-ın aqressiv hərəkətləri qısa müddətdə İranın ixracını gündə təxminən 750 min barel azalda bilər. Lakin zaman keçdikcə sanksiyaların effektivliyi azalacaq, çünki İran və onun neft alıcıları məhdudiyyətlərdən yan keçməyin yollarını tapacaqlar.
ABŞ Enerji İnformasiya İdarəsi bildirib ki, ABŞ-ın İran neftinə tətbiq etdiyi embarqoya baxmayaraq, İran 2023-cü ildə neft ixracından 53 milyard dollar, 2022-ci ildə isə 54 milyard dollar, əsasən də Çinlə ticarətdən gəlir əldə edib.
Fevralın 4-də Tramp ABŞ-ın İrana maksimum təzyiqini bərpa etmək üçün fərman imzalayıb. Bu, xüsusilə Vaşinqtonun İran neftinin ixracını azaltmağa yönəlmiş səyləri gücləndirməsini təmin edir. Ağ Ev İranın nüvə silahı əldə etməməsi üçün hər şeyi edəcəyinə söz verib. Eyni zamanda Tramp Tehranla “böyük sövdələşmə” bağlamaq arzusunu ifadə edib və İran prezidenti Məsud Pezeşkianla görüşə icazə verib.
Fevralın 7-də İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-la danışıqların qeyri-mümkün olduğunu, çünki onlar artıq onun ölkəsini bir dəfə aldatdığını bildirib. Xamneyi xatırladıb ki, Vaşinqton 2015-ci ildə nüvə sazişini imzalayıb, onun şərtlərini yerinə yetirməyib, anti-İran sanksiyalarını ləğv etməyib və 2018-ci ildə sazişi birtərəfli qaydada tərk edib.
Qadir, Bizimyol.info