İranın BMT-dəki missiyası ABŞ ilə məhdud nüvə danışıqlarının mümkün ola biləcəyini bildirib
Bu gün, 16:18

İranın BMT-dəki missiyası bazar günü X sosial platformasında yazdığı paylaşımda bildirib ki, danışıqların məqsədi nüvə proqramının hər hansı potensial hərbiləşdirilməsi ilə bağlı narahatlıqların aradan qaldırılması olarsa, İran ABŞ-la danışıqları nəzərdən keçirəcək.
Bu açıqlama ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin İranın ABŞ-ın “bullinqi” altında danışıqlara getməyəcəyini deməsindən bir gün sonra verilib.
Missiyanın X səhifəsindəki yazısında bildirilib: “Əgər danışıqların məqsədi İranın nüvə proqramının hər hansı potensial hərbiləşdirilməsi ilə bağlı narahatlıqların aradan qaldırılmasıdırsa, bu cür müzakirələr nəzərdən keçirilə bilər”.
“Lakin məqsəd İranın sülhməramlı nüvə proqramının aradan qaldırılmasıdırsa... belə danışıqlar heç vaxt baş verməyəcək”, qeyd edilib.
Dövlət mediasına əsasən, Xameneyi şənbə günü bildirib: “Onlar bizim müdafiə imkanlarımız, raketlərin məsafəsi və beynəlxalq təsir imkanlarımız kimi İran tərəfindən qəti şəkildə qəbul edilməyəcək yeni tələblər irəli sürürlər”.
ABŞ prezidenti Donald Tramp Fox Business Network telekanalına cümə günü yayımlanan müsahibəsində deyib ki, o, İranla nüvə sazişi üzrə danışıqlar aparmaq istəyir və İran liderlərinə məktub göndərərək, Qərbin sürətlə nüvə silahı istehsal etmək qabiliyyətinə yaxınlaşmaqdan qorxduğu İslam Respublikası ilə danışıqlar təklif edib.
İran nüvə silahı əldə etməyə çalışdığını inkar edir.
Tehranla razılaşmaya açıq olduğunu bildirən Tramp ilk prezidentliyi dönəmində İranı qlobal iqtisadiyyatdan təcrid etmək və neft ixracını sıfıra endirmək üçün tətbiq edilmiş “maksimum təzyiq” kampaniyasını bərpa edib.
2017-21-ci illərdə prezidentliyi dövründə Tramp ABŞ-ı İran və dünya güdrətləri arasında imzalanmış və sanksiyaların yüngülləşdirilməsi müqabilində Tehranın nüvə fəaliyyətlərinə ciddi məhdudiyyətlər qoyan mühüm sazişdən çıxarıb.
Trampın ABŞ-ı 2018-ci ildə sazişdən çıxarması və sanksiyaları bərpa etməsindən sonra İran bu hədləri pozub və limitləri xeyli keçib.
BMT-nin nüvə təftişi təşkilatının rəhbəri Rafael Qrossi bildirib ki, Tehranın uranı silah səviyyəsinə yaxın zənginləşdirməyə davam etdirdiyi vaxt İranın fəaliyyətinə yeni məhdudiyyətlər tətbiq etmək üçün diplomatiyanın vaxt daralır.
Tehran nüvə fəaliyyətlərinin yalnız dinc məqsədlərə xidmət etdiyini bildirir.