HƏMAS-dan sürpriz cavab: “Təklifi rədd etmədik”
Dünən, 10:06

HƏMAS ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun təqdim etdiyi atəşkəs planını rədd etmədiyini, lakin sənədə bir sıra düzəlişlər etdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Qəzzadakı HƏMAS liderlərindən biri Xəlil əl-Heyya məlumat yayıb.
Onun sözlərinə görə, Uitkoffun sonuncu təklifi ötən həftə təqdim olunub və bu plan 7 gün ərzində 10 girovun azad edilməsi, 18 nəfərin meyitlərinin təhvil verilməsini nəzərdə tuturdu. Lakin sənəddə 8-ci gündən sonra döyüşlərin bərpa olunmayacağına dair heç bir zəmanət yer almayıb.
“Biz bu təklifi rədd etmədik. Sadəcə real zəmanət və bir neçə düzəliş istədik. Eyni zamanda yeni və ciddi danışıqlara hazırıq”, – deyə əl-Heyya bildirib.
“Al Jazeera” televiziyasının yayımladığı çıxışında HƏMAS lideri İsraili mart ayından bəri mümkün razılaşmaları pozmaqda ittiham edib.
Xatırladaq ki, mayın 29-da İsrailin “Ynet” portalı xəbər vermişdi ki, Uitkoffun planı 60 günlük atəşkəsi və ilk həftə ərzində mərhələli şəkildə 10 girovun azad olunmasını nəzərdə tutur. HƏMAS-ın həmçinin 18 meyiti təhvil verməsi və qarşılığında razılaşdırılmış siyahıya uyğun olaraq fələstinli məhbusların azad edilməsi planlaşdırılır. BMT və digər qurumlar vasitəsilə Qəzzaya humanitar yardımın bərpası da təklifə daxildir.
Mayın 31-də isə HƏMAS vasitəçilər vasitəsilə cavab verərək 10 girovun və 18 meyitin azad edilməsi müqabilində İsrail həbsxanalarından razılaşdırılmış sayda fələstinli məhbusun azad olunmasını təklif edib. Eyni zamanda hərəkat Qəzzada daimi atəşkəs, İsrail ordusunun ərazidən çıxarılması və humanitar yardımın təmin olunması tələblərini də irəli sürüb.
Bu cavab həm Uitkoff, həm də İsrail rəhbərliyi tərəfindən faktiki imtina kimi dəyərləndirilib.