Tramp: İranla saziş olsa da, olmasa da, nüvə silahı əldə etməyəcək

Dünən, 17:54           
Tramp: İranla saziş olsa da, olmasa da, nüvə silahı əldə etməyəcək
"Saziş olsa da, olmasa da, İran nüvə silahı əldə etməyəcək..."

ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişi imzalanacağına olan inamını itirdiyini bildirib.

Moderator.az xəbər verir ki, bu barədə o, "Fox News" nəşrinə müsahibəsində bəyan edib.

Ağ Ev rəhbərinin sözlərinə görə, Tehran danışıqları qəsdən ləngidir və bu, vəziyyəti getdikcə daha ümidsiz edir. Tramp deyib: "Əvvəllər hesab edirdim ki, sazişə nail olunacaq, amma indi buna getdikcə daha az inanıram. Görünür, onlar prosesi uzadırlar. Bu, kədərlidir. Düşünürəm ki, hələ də saziş mümkündür, amma bir neçə ay öncəki qədər əmin deyiləm. Onlarla nəsə baş verib".

Bununla belə, Tramp bildirib ki, istənilən halda İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcək: "Əgər saziş imzalanmasa, onlar yenə də nüvə silahı əldə etməyəcək. Əgər imzalansa, yenə də əldə etməyəcəklər. Başa düşürsünüz? Yeni nüvə silahı olmayacaq. Bu baxımdan, nəticə dəyişmir". Tramp öz müsahibəsində qeyd edib ki, İran nüvə danışıqlarında "getdikcə daha aqressiv" davranır.

Bu arada İranın xarici işlər naziri Abbas Araqçı isə əksinə, sazişin "tezliklə əldə edilə biləcəyinə" əmin olduğunu bildirib. O, "X" sosial şəbəkəsində paylaşdığı bəyanatında yazıb: "Tramp vəzifəyə başladığı gündən İranın nüvə silahı əldə etməməli olduğunu deyir. Əslində bu, bizim öz nüvə doktrinamıza tam uyğundur və saziş üçün əsas baza rolunu oynaya bilər".

Araqçı əlavə edib ki, bazar günü danışıqlar bərpa olunarkən artıq aydın olur ki, İranın nüvə proqramının sülhməramlı xarakterini təmin edəcək bir razılaşma tam əlçatan məsələdir.

Qeyd edək ki, Tramp mayın sonlarında İranla razılaşma üzrə danışıqlarda "irəliləyiş əldə edildiyini" bildirib və "bir neçə gün ərzində vacib bəyanat" veriləcəyini deyib. Lakin İran tərəfi o zaman da Vaşinqtonu danışıqları süni şəkildə uzatmaqda ittiham edib.

Xatırladaq ki, Tramp mart ayında İrana ultimatum verib, iki ay ərzində sazişin imzalanmasını tələb edib. Apreldə isə Oman vasitəçiliyi ilə ABŞ-la İran arasında dolayı danışıqlar başlayıb. İndiyə qədər tərəflər beş dəfə görüşüb. Növbəti görüşün iyunun 15-də
keçirilməsi nəzərdə tutulur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.