"Azərbaycan-Türkiyə-Pakistan arasında strateji əməkdaşlığın güclənməsi Kremlini bərk narahat edir"
Bu gün, 16:44

“Rusiya dərk edir ki, Cənubi Qafqazı itirmək üzrədir. Ermənistanda baş verən son hadisələrdə də Rusiyaya meylli və agentura şəbəkəsi sayılan keşişlərin zərərsizləşdirilməsi və bölgədə Azərbaycan-Türkiyə-Pakistan strateji əməkdaşlığının güclənməsi Kremlini bərk narahat edir. Demək olar ki, Rusiyanın bölgə ilə bağlı planlarını alt-üst edir. Rusiyanın 200 illik siyasəti fiaskoya uğramaqdadır. Kremlin siyasətçiləri bunu həzm edə bilmir. Azərbaycana müxtəlif yollarla təzyiqlər göstərilir. Rəsmi Bakının öz iradəsi ilə müstəqil siyasi kurs tutması Rusiyanı əsəbləşdirir. Birbaşa və dolayı yolla bunu dilə gətirirlər”.
Bu barədə Bizimyol.info xəbər portalına diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk danışıb. Ekspert qeyd edib ki, Rusiyada hüquq sistemi çöküb.
“Nə qədər özbaşınalıqdır ki, insanları türmədə işgəncə ilə qətlə yetirirlər. Ömrünü Rusiya-Azərbaycan münasibətlərinin inkişafına həsr edən Azərbaycan diaspor təşkilatının sədrinə küçənin ortasında zorakılıq göstərirlər. Bunlar hamısı Rusiyanın hansı vəziyyətə düşdüyünü təsdiqləyir. Həm də onların ağılları 90-cı illərin əvvəllərinə gedib. Bölgədə istədiklərini edirdilər. Bu gün Azərbaycanın Türkiyə və Pakistan kimi dəstəkçiləri və strateji səviyyədə müttəfiqləri var”-deyə Elnur Eltürk bildirib.