ABŞ Prezidenti Donald Trampın Rusiyaya ünvanladığı ultimatum Moskvada qeyri-ciddi qarşılanır.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Donald Trampın Kremlə ünvanladığı bəyanatı “dekorativ ultimatum” adlandırıb.
O iddia edib ki, bu ultimatum Rusiyada heç bir narahatlıq yaratmır: "Tramp Kremlə dekorativ ultimatum təqdim etdi. Dünya nəticələrini gözləyərək titrədi. Döyüşkən Avropa məyusdur. Rusiyanın isə vecinə deyil".
Qeyd edək ki, ötən gün Tramp Vaşinqtonda NATO-nun Baş katibi Mark Rutte ilə görüşündə Rusiyaya qarşı yeni tədbirlər görüləcəyini açıqlamışdı. Onun sözlərinə görə, ABŞ Ukrayna nizamlanmasında irəliləyiş olmasa, 50 gündən sonra Rusiyaya qarşı sərt məhdudiyyətlər - 100% tariflər tətbiq edəcək. Bundan əlavə, Tramp 17 “Patriot” sisteminin Avropa vasitəsilə Kiyevə çatdırılacağını bəyan edib.