"Ermənistan Zəngəzur dəhlizinə nə Rusiyanın, nə də ABŞ-ın nəzarətini qəbul etməyəcək"

Bu gün, 12:14           
"Ermənistan Zəngəzur dəhlizinə nə Rusiyanın, nə də ABŞ-ın nəzarətini qəbul etməyəcək"
"Ermənistan Zəngəzur dəhlizinə nə Rusiyanın, nə də ABŞ-ın nəzarətini qəbul etməyəcək"
ABŞ Bakı ilə İrəvan arasında sülh danışıqlarını asanlaşdırmaq üçün Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyə hazırdır. Middle East Eye xəbər verir ki, bu barədə Amerikanın Türkiyədəki səfiri Tomas Barak məlumat verib.
Amerika Birləşmiş Ştatları Zəngəzur dəhlizinə nəzarət etməyi düşünür. Maraqlıdır, bəs Azərbaycan və Ermənistan bu məsələyə razı ola bilərmi?

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Tramp Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının yaxın olduğunu və bu işdə də Amerikanın rolunun olduğunu, NATO-nun baş katibi ilə danışığı zamanı bildirib və eyni zamanda ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak bu yolun 100 il müddətinə icarəyə götürülməsi haqqında da fikir bildirib.

Politoloq qeyd edib ki, əslində həmin ərazi 32 km deyil, 43 km-dir.

“Bu yolun icarəyə götürülməsini bəlkə Azərbaycan qəbul edər. Amma bunu Ermənistan necə qəbul edəcək? 2020-ci ilin noyabrında bağlanmış üçtərəfli bəyannaməyə əsasən həmin yola Rusiyanın Federal təhlükəsizlik xidməti nəzarət etməli idi. Bu, üçtərəfli bəyannamə ilə razılaşdırılmışdı. Ancaq Ermənistan bunu təkzib etdi, yəni onu istəmədiyini bildirdi. Azərbaycan İran üzərindən Naxçıvana yol çəkməklə bağlı razılığa gələndən sonra yenidən Amerika vasitəsilə Zəngəzur dəhlizinin açılması üçün cəhd göstərdilər. O cümlədən, Brayen Azərbaycana gəldi və bu yolun açılmasının vacibliyindən söz açdı, həmçinin resursların Orta Asiyadan Şərqə, Avropaya daşınmasında bu yolun əvəzsiz olacağını vurğuladı. Həmin söhbətdən sonra Paşinyan açıq olaraq bildirdi ki, “biz bu yolun təhlükəsizliyini öz üzərimizə götürürük, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin bu yolun nəzarətini qəbul etmirik”. O zaman Ermənistan təhlükəsizlik xidmətinin nəzdində bir idarə yaradılması haqqında sərəncam verdi və həmin yola da onların nəzarət edəcəklərini bildirdilər. İndiki dönəmdə də bu məsələ ilə bağlı Amerika Birləşmiş Ştatları fəallıq və təşəbbüs göstərir”-deyən politoloq hesab edir ki, Ermənistanın bu vəziyyəti qəbul etməsi inandırıcı deyil.

Elşad Həsənov qeyd edib ki, əgər Ermənistan qəbul edərsə, Azərbaycan da qəbul edə bilər.

“Azərbaycan üçün əsas məsələ həmin yolda Azərbaycan vətəndaşının Azərbaycandan Qərbi Azərbaycana və Azərbaycanın qərb rayonlarından Naxçıvana və ya əksinə olan hərəkətdə olan vətəndaşlarımızın gömrük rüsumundan azad olmasıdır. Vətəndaşlarımız ciddi yoxlamalardan keçməməlidir. Bizim tələbimiz budur. Orada rus olsun, orada erməni olsun, amerikan olsun, fərq etmir. Bizim tələblərimiz dəyişmir. Bu nöqtey-i nəzərdən ABŞ-ın bu əraziyə gəlməsi bizi o qədər də narahat etmir”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru