Deputatların “müxalifətçi damarı”nın tutmasının səbəbləri

10-12-2016, 11:03           
Deputatların “müxalifətçi damarı”nın tutmasının səbəbləri
Mehman Əliyev: “Bizimlə oyun oynayırlar”

Azərbaycanda qaz və işığın bahalaşmasından sonraya təsadüf edən parlamentin iclaslarında deputatların Tarif Şurasını, məmur-oliqarxları hədəfə alan fikirlərinin şahidi olduq. Maraqlıdır ki, bahalaşma əleyhinə ən çox çıxış edənlər iqtidaryönlü deputatlar oldular.

Hər bir deputatın çıxışı mətbuat və sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrildi. Onların dediklərinə reaksiyalar da birmənalı olmadı. Kimisi şəxsi bizneslərinə görə deputatların “müxalifətçi damarı”nın tutduğunu iddia etdi, kimisi bahalaşma əleyhinə sərt çıxışlar edənlərin arxasında hakimiyyətin yüksək ranqlı bəzi məmurlarının dayandığını düşündü. Hansı ki, bahalaşma həmin məmur-oliqarxların biznes maraqlarına da zərbədir. Həmçinin belə iddia da var ki, həmin deputatlar parlamentdə xalqdakı aqressiyanı psixoloji olaraq azaltmaq üçün elə hakimiyyətin razılığı və tövsiyəsi ilə danışıblar. Sanki xalq1a canı yanan varmış görüntüsü yaratmaq üçün...

Bir düşüncə də odur ki, onlar da həqiqətən xalqın ağır duruma düşməsinə görə haqq səslərini ucaldıblar.

Amma hər bir halda Azərbaycan reallığında deputatların belə sərt çıxışlar etmələri indiyə qədər nadir hallarda olub. Həmin şəxslər ya mandatlarından məhrum olublar, ya da növbəti seçkilərdə seçilməyiblər...

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, tənqidi çıxışlar edən deputatlar xalqı yox, özlərini düşünürlər: “Onlar kreslolarını düşünürlər. Onlara nə deyilir, onu da edirlər. Qiymət artımı ilə bağlı yazılarım olub və orada fikirlərimi tam əsaslandırmışam ki, bahalaşma Azərbaycanda nə iqtisadi, nə də mənəvi nöqteyi-nəzərindən ola bilməz. Bu, sadəcə, millətin cibinə girməkdir. Büdcəni bu yollarla doldurmaq istəyidir. Bu da çox anormal bir metoddur. Bahalaşmaya görə əhali arasında narazılıq var və getdikcə artmaqdadır. Deputatların dedikləri ilə müəyyən fikirlər formalaşdırmağa çalışırlar ki, guya hökumət nəyisə fikirləşir. Bir taksiyə minmişəm və şofer deyir ki, dünən qərar verdilər, bahalaşmanı dayandırırlar. Deyirəm ki, belə şey olmayıb, deyir dünən televizorda çıxışlar olanda gördüm. Bu metodla xalqda çaşqınlıq yaranır. Bilirlər ki, vaxt keçdikcə, camaat yavaş-yavaş bahalaşmaya öyrənəcək. Belə söhbətlər, ortaya atmaqla millətdə ümid yaratmaq istəyirlər ki, nəsə dəyişəcək. Camaat qəbul etsə, demək, hər şey olub keçəcək. Əks halda, vətəndaşlar etirazlarını davam etdirsələr, o zaman deyəcəklər ki, bəs filankəs burada günahkardır, bir növ günahkar kimi kimisə qurban verəcəklər. Hər şey cəmiyyətin reaksiyasından asılıdır. Deputatların çıxışlarına birbaşa dediklərimi həyata keçirməyə hesablanıb. Burada başqa şey yoxdur”.

“Turan” rəhbəri hökumətdə dəyişikliklərin olacağının qaçılmaz olduğunu da qeyd etdi: “Dəyişikliklər mütləq olacaq. Səhərisi gün dəyişikliklər olanda cəmiyyət də ümid edəcək ki, demək, hər şey yaxşılığa doğru gedir. Belə vəziyyətin yaranmasında birbaşa parlament məsuliyyət daşıyır. Bu hökuməti onlar təsdiq edirlər. Əgər hökumətə onlar nəzarət edə bilmirlərsə, istefa verib getməlidirlər. Əgər xalqı düşünsəydilər, xalq bu günə düşməzdi, böhran ölkəni bürüməzdi. Niyə bu günə qədər parlamentə Tarif Şurası, maliyyə və iqtisad nazirləri dəvət olunmur? Deputatlar artıq Prezident Administrasiyasından daha çox asılı olurlar. Çünki konstitusiyaya dəyişikliklərlə prezidentin parlamenti buraxmaq səlahiyyətinin olduğunu yaxşı dərk edirlər. Ona görə çalışacaqlar ki, hər şeyi etsinlər, onlardan narazı qalınmasın. Bu böhran Azərbaycanda kasıb və varlıya fərq qoymur, hamıya təsir edir, hamı itirir. Parlamentdə bir qisim bahalaşmanı müdafiə edir, digər qisim tənqid atəşinə tutur. Burada da məqsəd ictimaiyyəti çaşdırmaqdır. Onlar xalq tərəfindən seçilsəydilər, xalq qarşısında hesabatlı olsaydılar, bu böhran baş verməzdi. Özümüzü aldatmayaq. Onlar bizimlə oyun oynayırlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.